Bakı-APA. Ukraynanın keçmiş baş nazirləri Yuliya Timoşenko və Pavel Lazarenko 1996-cı ildə deputat və biznesmen Yevgeni Şerbanın qətlini sifariş ediblər. Bu barədə Ukraynanın baş prokuroru Viktor Pşonka bəyan edib.
«Onlar istənilən yolla Şerbanı öldürməyi sifariş ediblər. Qətlin motivləri nə olub? Biznes maraqları», deyə Pşonka bildirib.
Baş prokurorun sözlərinə görə, münaqişənin əsasında Şerbanın öz biznesini Lazarenko və Timoşenkonun rəhbərlik etdikləri biznes strukturlara tabe etmək istəməməsi dayanıb.
Pşonka bildirib ki, Lazarenko və Timoşenko şəxsən cinayətkarlarla görüşərək məsələnin detallarını danışıblar. Görüşlər Kiyevdəki «Nasional» otelində keçirilib.
Yuliya Timoşenko hazırda həbsxanadadır. O 2009-cu ildə Rusiya ilə qaz müqaviləsi bağlayarkən səlahiyyətlərini aşmaq ittihamı ilə 7 il azadlıqdan məhrum edilib. Şerbanın qətlində iştirakı sübuta yetirilərsə, Tmoşenkonu ömürlük həbs cəzası gözləyir. Pavel Lazarenko isə ABŞ-da çirkli pulların yuyulması ittihamı ilə 10 il müddətində həbsxanada olub.