APA-nın məlumatına görə, bu barədə Ukrayna daxili işlər naziri Vitali Zaxarçenkonun bəyanatında deyilir.
Nazir vətəndaşlara videomüraciətində qeyd edib ki, etirazçılar xəbərdarlığa rəğmən qanuna zidd əməllərinə son qoymayıblar. Onun sözlərinə görə, onlar milis işçilərinə atəş açıb, nəticədə 29 nəfər xəstəxanaya yerləşdirilib, ölənlər var.
“Atəşkəs pozulub, ekstremistlər hücumlarına davam edirlər. Ukrayna Təhlükəsizlik Xidməti yanında antiterror mərkəzinin fəaliyyəti çərçivəsində müvafiq əmrlər imzalamışam. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına silah paylanılıb”, - deyə o vurğulayıb.
Qanuna əsasən, silah vətəndaşları hücumdan qorumaq, milis əməkdaşlarına və yaşayış obyektlərinə hücumu dəf etmək üçün istifadə olunacaq.
Nazir etirazçılardan silahları təhvil verməyi də tələb edib.