Bank Of Baku

Ukrayna müxalifətlərinin liderləri Yanukoviçə tələblərini çatdırıblar və ona xəbərdarlıq ediblər

Ukrayna müxalifətlərinin liderləri Yanukoviçə tələblərini çatdırıblar və ona xəbərdarlıq ediblər
# 13 dekabr 2013 15:15 (UTC +04:00)

Bakı - APA. Kiyevdə prezident Viktor Yanukoviçin iştirakı ilə keçirilən dəyirmi masada müxalifət liderləri çıxış ediblər. APA-nın “RBK-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, UDAR (Ukrainskiy Demokratiçeskiy Alyans za Reformı) lideri Vitali Kliçko etirazların güc yolu ilə yatırılması planlarının mənfi nəticələri barədə şəxsən Yanukoviçə xəbərdarlıq edib: “Biz güc variantı haqda xəbərdarıq. Bunun həm ölkə, həm də şəxsən sizin üçün dəhşətli nəticələri olacaq. Mən dövlət başçısına müraciət edirəm: siz ölkədə hadisələrin inkişafına görə şəxsi məsuliyyət daşıyırsınız”.  

 

V. Kliçko etiraz aksiyalarına qatılanların tələblərini səsləndirərək saxlanılanların buraxılmasını, insanlara qarşı güc tətbiq edənlərin cəzalandırılmasını və ölkəni böhrana sürükləmiş hökumətin istefa verməsini tələb edib. Onun çıxışı zamanı V. Yanukoviç o tərəfə baxmayıb və yazılı qeydlər aparıb. 

 

“Svoboda” Partiyasının lideri Oleq Tyqnibok isə müxalifət liderlərinə qarşı cinayət işi qaldırılması planlarından danışıb: “Biz bilirik ki, meydanı dağıtmaq planları var - təkcə DİN-in gücü ilə yox, həm də hərbçilərdən istifadə etməklə. Təbii qaz xəttini partlatmaq yolu ilə təxribatlar hazırlanır”. 

 

O. Tyaqnibok əvvəlcə hökumətin istefaya göndərilməsini, daha sonra yeni seçkilər, yeni Mərkəzi Seçki Komissiyası və teleradio yayımları üzrə yeni mili şura yaradılması barədə müzakirələr aparılmasını istəyib.  

 

“Batkivşina” (Vətən) fraksiyasının lideri Arseni Yasenyuk isə ölkənin çox kritik bir astanada olduğuna diqqət çəkib və Ukraynanı bu ağır durumdan xilas etmək şansının hələ olduğunu vurğulayıb. O, insanların döyülməsi haqda əmr verənlərin və icraçıların cəzalandırılması və bütün saxlanılanların buraxılmasından sonra hakimiyyətlə dialoqa başlamağın mümkün ola biləcəyini söyləyib: “Biz sizin planlarınızdan xəbərdarıq. Bir meydanı dağıtsanız, başqa meydan ortaya çıxacaq. Biz bilirik ki, müxalifət liderlərini içəri basmaq planları var. Birini dama basacaqsınız, başqası ortaya çıxacaq. Ən başlıcası isə budur ki, ssenari Ukraynada yazılmayıb və bu ssenarinin müəllifləri Ukraynanın yaxşılığını istəmir. Onların məqsədi vətəndaş münaqişəsi yaradaraq Ukraynanın müstəqilliyinə son qoymaqdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR