APA-nın xəbərinə görə, bu barədə özünün “Facebook” səhifəsində Ukraynanın daxili işlər naziri Arsen Avakov məlumat verib. O bildirib ki, “Donbass” batalyonunun öncü dəstəsi minaatanlardan atəşinə tutulub, nəticədə 1 döyüşçü həlak olub, 4-ü yaralanıb. Batalyon komandiri S. Semyonçenko qəlpə yaraları alıb. Nazir yaralıların döyüş meydanından çıxarıldığını və durumlarının qənaətbəxş olduğunu söyləyib.
Daxili işlər nazirinin müşaviri Anton Geraşşenko isə bu axşama qədər İlovaysk şəhərinin separatçılardan təmizlənməsi əməliyyatının başa çatacağını söyləyib.
Xatırladaq ki, avqustun 18-də gecə antiterror əməliyyatına cəlb olunmuş “Donbass”, “Azov” və “Dnepr” batalyonları ordunun dəstəyi ilə İlovaysk şəhərinə daxil olublar. İlovaysk Donbass bölgəsindəki iri dəmir yolu qovşaqlarından biridir və bu baxımdan strateji əhəmiyyətə malikdir.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl “Kiyevskaya Rus” batalyonunun komandiri, podpolkovnik Aleksandr Qumenyuk Donetsk vilayətinin Debaltsevo şəhərində gedən döyüşlərdə həlak olub.