APA-nın məlumatına görə, zəlzələnin episentri Oxot dənizinə, yer qatından 600 kilometr dərinliyə düşüb. ABŞ Geoloji xidməti zəlzələnin maqnitudasının 8,2 bal olduğunu bildirir.
Avropa Zəlzələlərin Monitorinqi Mərkəzi də zəlzələni eyni balla qiymətləndirib. Bu mərkəz yeraltı təkanların episentrinin Kamçatka vilayətinin Esso yaşayış mərkəzi yaxınlığına düşdüyünü bildirir. Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin açıqlamasında isə Petropavlovsk-Kamçatkada 7,5 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar Novosibirsk vilayətində, Krosnouarsk və Kamçatka diyarlarında, Saxalin adasında hiss olunub. Moskva sakinləri də paytaxtda bəzi binaların silkələndiyini bildirirlər.
Rusiya Fövqəladə Hallar Nazirliyi Saxalin və Kuril adaları sahillərində sunami təhlükəsi elan edib. Sakinlərdən mümkün qədər hündür ərazilərə qalxmaq tövsiyə olunub.
FHN zəlzələ nəticəsində Kamçatkada ölən və yaralanan olmadığını bildirir, dağıntılar da qeydə alınmayıb.