Bakı-APA. Şənbə günü səhər saatlarında Vladivostok aerportunda terror təhlükəsi xəbərdarlığı elan edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, aeroportdan sərnişinlər və onları yola salan şəxslər təxliyyə olunmağa başlayıb.
Vilayət Daxili İşlər İdarəsindəki mənbə bildirib ki, aeroport istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Hava limanı ərazisində mütəxəssislər çalışır.
Aeroportun mətbuat xidmətinin rəhbəri Yevgeniya Zamitseviçin sözlərinə görə, uçuşlara qeydiyyat dayandırılıb. Hazırda aeroport yalnız gələn təyyarələri qəbul edir. Təyyarələr aeroportdan aralıda yerləşən dayanacaqlara enir.