APA-nın “Seqodnya” qəzetinə istinadən verdiyi xəbərə görə, Y. Lusenkonun mətbuat katibi Larisa Sarqan müxalifət liderinin aldığı xəsarətləri açıqlayıb. O bildirib ki, aldığı zərbələr nəticəsində Y. Lusenkonun başında dərialtı gematomalar yaranıb, ona 3 santimetrlik tikiş atılıb. Sabiq nazirə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. O, hadisə zamanı qismən huşunu itirib.
Qeyd edək ki, yanvarın 10-da axşam Kiyevin Svyatoşinsk rayon Məhkəməsi “Ukrayna patriotları” təşkilatının üç üzvünü 6 il müddətinə azadlıqdan məhrum edib. Onlar 2011-ci ildə Borispolda Leninin heykəlini partlatmaq cəhdinə görə məhkum olunublar. Məhkəmənin qarşısına toplaşan müxalifət fəalları ilə milis arasında toqquşma baş verib. Nəticədə aralarında deputatların və jurnalistlərin də olduğu bir neçə nəfər xəsarət alıb. Şahidlərin sözlərinə görə, Y. Lusenko öz həyat yoldaşı, deputat İrina Lusenkonu qorumaq istəyərkən başından dəyənək zərbələri alıb.
Kiyev Prokurorluğu sabiq nazirin döyülməsi faktı üzrə cinayət işi qaldırıb.