UNESKO-nun mənzil-qərargahında “Leyli və Məcnun” operasının səhnəyə qoyulmasının 100 illik yubileyi qeyd olunub

UNESKO-nun mənzil-qərargahında “Leyli və Məcnun” operasının səhnəyə qoyulmasının 100 illik yubileyi qeyd olunub
# 25 iyun 2008 09:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İyunun 24-də UNESCO-nun mənzil-qərargahında Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının səhnəyə qoyulmasının 100 illik yubileyi qeyd olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iştirak edib. Tamaşa zamanı dahi bəstəkarın əsərindən götürülmüş seçmələr əsasında “Leyli və Məcnun” operasının yeni üslubda səhnələşdirilmiş variantı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə, dirijoru Fəxrəddin Kərimov, quruluşçu rəssamı xalq rəssamı Rafis İsmayılovdur. Tamaşada Azərbaycan Dövlət Opera və Balet Teatrının aktyorları - xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova, Azərbaycan Dövlət Pantomima Teatrının aktyorları, Azərbaycan Dövlət Simli Alətlər Kvarteti və muğam üçlüyü iştirak ediblər. Qeyd edək ki, tədbir dövlət başçısının “UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” sərəncamı əsasında həyata keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR