Bank Of Baku

Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev: “Tamaşaçıya elə şərait yaradılmalıdır ki, teatrdan qaçmasın”- MÜSAHİBƏ

Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev: “Tamaşaçıya elə şərait yaradılmalıdır ki, teatrdan qaçmasın”- <font color=red>MÜSAHİBƏ </font>
# 14 aprel 2009 08:23 (UTC +04:00)
- Uzun müddət Rus Dram Teatrında direktor müavini vəzifəsində çalışmısınız. Ötən ildən etibarən isə teatrın direktoru vəsifəsini icra edirsiniz. Teatra rəhbərlik etmək çətin deyil ki?

- Əlbəttə ki, rəhbərlik etmək məsuliyyət deməkdir. Çalışıram ki, mənə verilən bu etimadı doğruldum. Çünki direktor müavini kimi öhdəmə düşən işlər tamam başqa işlər idi, ancaq indi artıq bütün teatrın məsuliyyəti mənim üzərimə düşür.

- Rəhbəri olduğunuz teatra hər zaman tamaşaçı axını olub. Tamaşaçılarınızı itirməmək üçün hansı məqamlara diqqət edirsiniz?

- Mən tamaşaçı üzrə direktor müavini işləmişəm. Əvvəllər biletlərin satılması üçün təşkilatlara gedirdilər. Sonra biz o adamlarla müqavilə bağlayırdıq, onlarda həmin təşkilatlara bilet satırdılar. Həmin insanlar arasında da etibarlısı az idi və aralarında bileti satıb yox olanlar da var idi. Sonra da təzədən o insanların axtarışına çıxırdıq ki, hesabatı əldə edək. Yəni ki, bu baxımdan problemlər mövcud idi. Ümumiyyətlə teatrın səviyyəsi, gücü, hörməti o zaman olur ki, tamaşaçı özü öz istəyi teatra gəlir. O zamandan bu müqavilələrlə bilet satışını ləğv etmək qərarına gəldik. Əvvəlcə bunu ləğv etməklə bağlı çətinlik çəkdik, sonra isə tamaşaçı bu prosesə öyrəndi. Artıq gəlib bileti kassadan özləri alırlar. Sözsüz ki, teatrda hazırlanan tamaşalar, müraciət olunan əsərlər, eləcə də yaradıcı heyətin öz işinə ciddi yanaşmaları tamaşaçı auditorisyasına da müsbət təsir göstərir. Bizim teatrda çox gözəl aktyor heyəti çalışır. Xalq artistləri var ki, onların həyatı bu səhnə ilə bağlıdır və hər biri işinə çox ciddi yanaşır. Bu istedadlı insanlar bir yerə toplaşanda tamaşaçılar da onların öz işlərinə nə qədər məsuliyyətli yanaşdığını hiss edirlər. Tamaşaçılar arasında övladlarının rus dilini öyrənməsi üçün tamaşalara gələnlər də az deyil. Çox yaxşı haldır, biz nə qədər başqa dillər bilsək daha da zənginləşirik. Rus Dram Teatrı şəhərin mərkəzində yerləşir və əsaslı təmir olunub. Əsaslı təmirdən əvvəl də tamaşaçılar bizim teatra maraq göstərirdilər, ancaq təmirdən sonra tamaşaçıların sayında iki dəfədən çox artım var. Çünki əsaslı təmirdən sonra tamaşaçıların uzun müddətdən bəri arzuladığı komfort yaradılıb.

- Artıq paytaxtda fəaliyyət göstərən teatrlar və konsert salonları üçün yeni bilet satışı mərkəzləri yaradılıb. Bu yeniliyin tamaşaçıların artımına təsiri olurmu?

- Əlbəttə ki, çox böyük təsir hiss olunur. Təmirlə bərabər yeni bilet satış mərkəzlərinin fəaliyyətə başlaması çox yerinə düşdü. Bu, komfortun bir hissəsidir. Şəhərin görkəmli yerlərində kimə hara rahatdırsa, oradan gedib bilet əldə edə bilər. Məsələn bizim kassalarda şəhərdə gedən müxtəlif konsertlərə də bilet əldə bilirlər. Eyni zamanda da digər bir yaxşı hal tamaşaçının istədiyi yerə bilet alması imkanının yaradılmasıdır. Satıcı tərəfindən tamaşaçıya kompyuter vasitəsilə yerlər göstərirlir və tamaşaçıya hansı yer rahatdırsa ora bilet alır. Ona görə də biz öncədən teatrın repertuarını qururuq ki, tamaşaçılar istədiyi tarixdə arzuladığı tamaşaya bilet ala bilsinlər. Teatrlar, konsert salonları tamaşaçı üçündür, onlar üçün ən rahat sistem həyata keçirilib. Nə qədər rahatlıq yaranırsa, bu daha çox tamaşaçının cəlb olunmasına zəmin yaradır. Digər bir tərəfdən də bizim yersiz sayda dəvətnamə vermək hüququmuz məhdudlaşır. Bu da çox gözəl haldır. Fikrimcə, seyrcinin dəvətnamə yolu ilə tamaşaya məcburi gətirilməsi yolverilməz haldır. Elə tamaşaçı var ki, onun teatrda tanışı yoxdur, əvvəllər həmin tamaşaçı gedib 15-ci sıraya bilet alırdı, çünki əvvəllər həmin yerlər dəvətnamə üçün saxlanılırdı və satılmırdı. Ancaq indi tamaşaçı gəlir və istədiyi yeri alır. Tamaşaçı üçün 100 faizlik rahatlıq yaradıllıb. Bax bu zaman tamaşaçı nə qara, nə də yağışa baxır, elə teatra gəlmək həvəsində olur.

- Bir çox teatr rəhbərləri ilə söhbətimiz zamanı onlar tamaşaçıları teatra biganəlikdə qınayıblar. Siz həmkarlarıınızın bu fikrinə haqq qazandırırsınızmı?

- Düşünürəm ki, bu gün tamaşaçının çox böyük imkanları var. Hazırda Azərbaycanda çox gözəl layihələr həyata keçirilir. Dünyanın ən yaxşı musiqiçiləri, orkestrləri, teatr kollektivləri Azərbaycana gəlirlər. Eyni zamanda da bu gün bir çox tamaşaçıların dünyanı gəzmək imkanı var. Həmin insanlar ölkələrə səfərləri zamanı tək mağazalara getmirlər, onlar teatrları da gəzirlər, tamaşalara da baxırlar. Görürlər və gələndə də həmin o gördüklərini burada da görmək istəyirlər. Əksinə tamaşaçıya elə şərait yaradılmalıdır ki,
teatrdan qaçmasın, vaxt tapdıqca həmin teatra gəlsin. Mən bununla razı deyiləm ki, tamaşaçılar teatra biganədir. Gərək tamaşaçıya elə məhsul verəsən ki, tamaşaçı biganə olmasın. Elə biz özümüz də tamaşaçıyıq, biz teatrda nələri görmək istəyirik, bax bunları düşünməli və həyata keçirməliyik.

- Rus Dram Teatrında səhnələşdirilən əsərlərin seçimi necə aparılır? Ümumiyyətlə əsər seçimində kimlər iştirak edir?

- Bizim teatrımızda Bədii Şura var və hər ilin əvvəlində Bədii Şuranın qərarı ilə hazırlanacaq tamaşaları müəyyələnşidiririk. Eyni zamanda bizim teatrda dövlət sifarişi ilə də tamaşalar hazırlanır. Məsələn bu il bizim teatrda Elçinin “Arılar arasında” tamaşası səhnəyə qoyulacaq. Başqa yeni tamaşalar da plana salınıb, bu haqda ətraflı məlumatı bir az sonra verməyi düşünürük. Yeni il və Novruz bayramları ərəfəsində isə uşaqlar üçün maraqlı tamaşalar hazırlayırıq və silsilə şəkildə nümayiş etdiririk. Eyni zamanda vurğulayım ki, repertuarda olan tamaşalarda da yenidənqurma işləri də aparırıq. Yəni kostyumlar, dekorasiya yeniləşir. Mədəniyyət və Turizm Nazirliyindən bizə bu məqsədlə vəsait ayrılıb. Çünki əsaslı təmirdən sonra - yeni işıqlar və yeni səhnə ilə köhnə geyim və dekorasiya uyğun gəlmir.

- Sizin teatrınızın digər ölkə teatrları ilə əməkdaşlığı nisbətən zəifdir. Bunun səbəbini açıqlaya bilərsinizmi?

- Çünki biz rus dilli teatrıq və bir çox xarici teatrlarla da bu səbəbdən əməkdaşlıq qura bilmirik. Bizim ancaq MDB məkanında rus dilli teatrlarla əlaqəmiz var. Bu yaxınlarda Moldova teatrının kollektivi bizim səhnəmizdə çıxış etdi. Bizim teatrın kollektivi isə elə ötən ay Sankt-Peterburq Teatrının səhnəsində yüksək səviyyədə tamaşa nümayiş etdirdilər. Amma davamlı işbirliyi qurmaq üçün problemlər qalır.

- Bir teatr direktoru kimi bu problemin aradan qalxması yollarını düşünürsünüzmü?

- Əlbəttə ki, bu yöndə düşüncələrimiz və planlarımız var. Dil problemini aradan qaldırmaq üçün biz repertuarımızda olan tamaşaların tərcümələrini hazırlamaq istəyirik. Bu il ərzində bizim teatrın kollektivi Naxçıvanda, Qəbələdə tamaşa ilə çıxış etdilər. Ancaq həm Qəbələdə, həm də Naxçıvanda biz rus dilində çıxış etdik, çünki əhali rus dilini bilir. Amma biz başqa yerə getsək, artıq dil məsələsində problemlər yaşayacağıq. Məsələn biz Türkiyəyə qastrola getmək istəyirik, ancaq necə gedək? Gərək sinxron tərcümələri hazırlayaq və ancaq bundan sonra bu səfərlər mümkün ola bilər. Fikrimiz var ki, bu sinxron tərcümələri titrlar vasitəsi ilə həyata keçirək.

- Bəs Rus Dram Teatrına digər xarici teatr mütəxəxsislərini müqavilə əsasında işə dəvət etməklə bağlı hər hansısa bir addımınız ola bilərmi?

- Bizim teatrda elə bu yaxınlarda Jan Anuyun “Torağay” tamaşasının təqdimatı keçirildi. Finlandiyada yaşayan və çalışan azərbaycanlı rejissor Kamran Şahmərdan dövlət sifarişi ilə bizim teatrda sözügedən tamaşanı hazırladı. Onun düşüncələri də, baxışı da çox fərqlidir. Yeri gəlmişkən, həmin tamaşanın quruluşçu rəssamı Sankt-Peterburqdan dəvət olnumuş Tatyana Menikova idi. Bu çox yaxşı haldır və nəticəsi də çox yaxşı oldu. Belə məqamlar bizim teatrda var və yenə də həyata keçiriləcək. Ümumiyyətlə bu gün bu təcrübədən bir çox teatrlar istifadə edirlər və biz də bu təcrübədən faydalanırıq. Bilirsiniz, bu təcrübə həm tamaşaçıların yeni və tamamilə fərqli rejissor işinə baxmağa cəlb edir, həm də aktyorlarda fərqli düşünən rejissorlarla işləyəmə maraq oyadır.

- Teatrda hər hansısa bir ixtisarlar, kadr dəyişikliyi nəzərdə tutulurmu?

- Siz ixtisarlardan danışırsınız, ancaq əsaslı təmirdən sonra binamıza qayıtdıqdan sonra Gənc Tamaşaçılar Teatrının bütün rus bölməsi bizim teatra əlavə olundu. Əksinə bundan sonra işçilərin sayında təqribən iki dəfə artım oldu. Əlbəttə ki, bizim teatrda işləyən və işini bilən adama hər bir şərait yaradılır. Deyə bilərəm ki, bu birləşmə çox uğurla həyata keçirilir. Artıq onlar bizim kollektivin tamhüquqlu üzvləridir və bizim teatrın repertuarında da fəal iştirak edirlər.

- Siz həm də xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşısınız. Brilliant xanımı sənətinə qıcqandığınız vaxtlar olurmu?

- Rafiq Babayevə Allah rəhmət eləsin. O vaxtlar mərkıəzi küçələrdən birində səsyazma studyası var idi. Biz o zaman hələ Brilliantla ailə qurmamışdıq, ancaq görüşürdük. İki-üç dəfə mən gedib-gələndən sonra çəkdi kənara və mənə bir söz dedi, indiyə kimi də həmin sözü unutmamışam. Dedi ki, “səndən bir xahişim var, sən ona mane olma, o əsil sənətçi olacaq”. Ziyalı, əsil peşəkar musiqiçi olmağı ilə yanaşı Rafiq Babayev çox uzaqgörən insan imiş.

- Bəs, Brilliant xanıma sənətində bir kömıəyiniz olurmu?

- Əgər mən ona mane olmuramsa, bu əsas köməyimdir. Biz Brilliantla tanış olanda o hələ səhnəyə çıxmamışdı, mənə çox maraqlı idi ki, görəsən onun ifası mənim xoşuma gəldiyi kimi hamının xoşuna gələcəkmi? Ancaq sonra gördüm ki, tək mənim xoşuma gəlmir. Mən onun bir nömrəli fanatıyam. Özüm musiqiçi deyiləm, sadəcə dinləyiciyəm. Mən Gülçöhrənin ariyasına əvvəllər qulaq asırdım, ancaq mənə təsir eləmirdi. Brilliantın ifasında Gülçöhrənin ariyası çox xoşuma gəldi. Çünki onun ifasında Gülçöhrənin sözlərini başa düşdüm. Bütün bunlarla yanaşı, gərək müğənninin müsbət enerjisi olsun. Brilliantın simasında ancaq müsbət enerjili sənətçilərin ifasına qulaq asıram. Brilliant səfərdə olanda ev boş olur. Sakitlik, hay-küy yoxdur, o gələndə həyat əmələ gəlir. Brilliant olan yerdə həyat olur, onun aurasına söz ola bilməz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR