Bank Of Baku

Fəxrəddin Manafov: ““Şah İsmayıl Xətai obrazını yaratmaq üçün yaşım keçib, yerinə yetməyən tək arzum Ağa Məhəmməd Şah Qacarı oynamaqdır” - MÜSAHİBƏ - FOTOSESSİYA

Fəxrəddin Manafov: ““Şah İsmayıl Xətai obrazını yaratmaq üçün yaşım keçib, yerinə yetməyən tək arzum Ağa Məhəmməd Şah Qacarı oynamaqdır” - <font color=red>MÜSAHİBƏ - FOTOSESSİYA </font>
# 27 may 2009 11:12 (UTC +04:00)
- Ötən həftə Heydər Əliyev Sarayında “Hökmdarın taleyi” filminin geniş premyerası keçirildi. Təşkilatçılıqdan və bu filmə tamaşaçı marağından razı qaldınız?

- Mədəniyyət və Turizm Nazirliyi təşkilati işləri filmin baş prodüseri Vaqif Əsədullayevə həvalə etmişdi. Filmin nümayişi ilə bağlı güclü reklamlar getdi. Hətta bəzi aktyorların rəsmi ilə təqvimlər də buraxılmışdı. Fikrimcə, filmin təşkilati işləri çox yüksək səviyyədə həyata keçirilmişdi. Ancaq mən bir şeyi müşahidə etdim ki, tamaşaçılar belə premyeralara hazır deyil. Çox qəribədir, hər hansı türk filmi eyni səviyyədə reklam olunsaydı, bəlkə də biletlərin qiyməti 3-5 qat artıq olardı. Ancaq təəssüflər olsun ki, bizim tamaşaçılar Azərbaycanda tarixi film çəkildiyini eşidəndə, buna çox tənqidi yanaşırlar. Düşünürlər ki, “bunlar nə film çəkəcəklər ki”. Bu münasibət tək filmə aid deyil, hər bir şeyə aiddir. Bunun da səbəbi var, səbəbsiz heç nə olmur. Təəssüflər olsun ki, bu neçə il ərzində Azərbaycanda yüksək səviyyəli tarixi filmlər çəkilməyib. Premyera zamanı zalda iki yüksək rütbəli məmur vardı. Onlardan biri gecəyarısı mənə zəng edib dedi ki, “çox təşəkkür edirəm, hələ də filmin təsiri altındayam”. Xüsusən gənclər bilməlidirlər ki, indiki proseslərin, torpaqlarımızın 20 faizinin işğal olunmasının səbəbi haradan qaynaqlanır. Bu tarixi hər bir Azərbaycan vətəndaşı bilməlidir. İkinci məmur film bitər-bitməz zəng vurub dedi ki, “mən son 30 ildə Azərbaycan tarixi haqqında çəkilmiş belə bir film görməmişəm”. Bu baxımdan tamaşaçıları da iki yerə bölmək olar – tariximizə laqeyd yanaşan tamaşaçılarla yanaşı, Azərbaycan tarixinin yükünü öz çiyinlərində daşıyan tamaşaçılar da var.

- Yəqin filmin premyerasının əvvəldən nəzərdə tutulduğu kimi iki gün deyil, bir gün keçirilməsinin də səbəbi tamaşaçı azlığı idi?

- Bəli, məhz bu səbəbdən film bir gün nümayiş olundu. Belə nəzərdə tutulmuşdu ki, birinci gün kassalardakı biletlər yaxşı satılsa, ikinci gün də təqdimat keçirək. Mən yumoru çox xoşlayıram. Şən və Hazırcavablar Klubunun uşaqlarına münasibətim çox müsbətdir. Yanılmıramsa, onların proqramlarının biletləri 80, hətta 100 manata satılır və zal ağzına kimi dolu olur. Neçə illər idi ki, bizim tariximizlə bağlı belə bir film ekrana çıxmırdı. Nəhayət belə bir film ekrana çıxıb, bizim prodüser filmin biletinin qiymətini 7-10 manat arasında qoyub ki, heç olmasa qoyulan sərmayəni ödəyək. Düzdür, bu pulu verən var idi, Allah onların canını sağ eləsin. Yəqin elə bu Vətən, bu millət həmin insanlar üzərində qurulur. Təəssüflər olsun ki, 100-200 manat verib şouya baxanlar, 7 manatı öz tarixlərinə qıymadılar. Mən demirəm ki, tamaşaçı gedib Şekspirin əsərlərinə və yaxud da Tarkovskinin filmlərinə baxsın. Mən deyirəm ki, Azərbaycanın, mənim tariximin ən mühüm səhifələrinə baxsın, oxusun. Əgər bunu oxumağa onun gücü yoxdursa, heç olmasa gözünün ucu ilə baxsın, lap gəlsin zalda mürgüləsin. Axı bunu da eləmirlər...

- Sizə elə gəlmirmi ki, “Hökmdarın taleyi” filmində Rusiyanın təbliğatına çox yer ayrılıb?

- Təbliğatına? Qəribədir... Kazanda festival keçirilirdi. Münsiflər heyətində əyləşənlərin 99 faizi ruslar idi. Onlar bu filmin antirus xarakterli olduğunu əsas gətirərək festivalın müsabiqəsinə buraxmadılar. Filmin sonunda çar rolunu oynayan “Allah bizə bu uşaqları qırmağımızı bağışlamayacaq” deməsi onlara çox təsir etdi. Ancaq bir şeyi anlamırlar ki, bu antirus filmi deyil, antiimperialist filmdir. Mən heç də düşünmürəm ki, biz orada rusları təbliğ edirik. Sadəcə tarixə istinad edirik, tariximizi vərəqləyirik.

- Filmdə Taleyranla Napoleonun dialoqunu ayrıca səhnə kimi çəkməyə ehtiyac vardımı?

- Filmdə bədiiliyin olması üçün belə şeylər olmalıdır. Hələ biz az çəkmişik. Bizdə o qədər material var ki. Əgər bizə vəsait versələr, filmin televiziya versiyasını hazırlamaq istəyirik. Təxminən iki həftənin içində onu təqdim edə bilərik. Material çoxdur, sıxıb-sıxıb 1 saat 52 dəqiqəlik bir film həcminə salmışıq. Bu materialların hamısı arxivdədir və gözləyirik. Bu filmin çəkilişi zamanı bizim nələr çəkdiyimizi heç kim bilmir. Bağırtıdan, qışqırtıdan qan qusurduq. Kütləvi səhnələrə 18-19 yaşında əsgərlər çəkilirdi. Filmin çəkilişi prosesindən kiçik bir misal gətirim. Mərmi düşən zaman kimsə mütləq yıxılmalıdır. Bizdə birdən səkkiz-on nəfər yıxılırdı. Kamera ilə əsgərlərin yıxıldığı yer arasında təxminən bir kilometr məsafə var idi. Qaça-qaça gedirdim, deyirdim ki, “ay qurban olum, bu, bir mərmidir, o partlayanda uzaqbaşı bir, ya da iki nəfər yıxıla bilər, səkkiziniz yıxılmayın yerə”. Orada o qədər səhnələr var ki, gizlətmək üçün gərək kəsəsən, yığıb-yığışdırasan qurasan, malalayasan.

- Filmdə Cavad xanın ölüm səhnəsi sizcə gözəl alınıb?

- Gözəl gül olar, gözəl qadın olar, gözəl təbiət olar. Düzdür, ölümün özü də gözəldir, amma nə bilim, bu səhnə gözəl alınıb, yoxsa qeyri-gözəl... Bir daha deyirəm ki, bu film “Hökmdarın taleyi” adlanır. “Cavad xan” filmi bu gün, sabah ekranlara çıxacaq, artıq çəkilişlər başa çatıb. Onda həmin sualları “Cavad xan” filminə yönəldərsiniz. Çünki orada konkret Cavad xan haqqında film çəkilib. Əgər fikir verdinizsə, filmdə hökmdarın özünün də ölümü çox qəribə bir formada oldu. Əgər tam dəqiqliyi ilə bilmək istəyirsinizsə, biz “Hökmdarın taleyi” dedikdə bədbəxt Azərbaycanın taleyini nəzərdə tuturduq. Bəlkə də müəyyən qüsurlar var, Biz demirik ki, Hollivud səviyyəsində film çəkmişik. O səviyyədə nə döyüş səhnəsi çəkə bilərik, nə film çəkə bilərik. Amerikanın tarixi filmləri ilə müqayisə etmək istəyirsinizsə, o filmlərdə bilirsiniz nə qədər komponentlər var? Gəlin məsələyə belə yanaşmayaq. Biz çox istəyirik ki, Azərbaycanın tarixi filmlərinin sayı çox olsun. Çox dəyərli dövlət məmurlarından birinin çox gözəl təklifi var idi. O dedi ki, sərmayəni, vəsaiti düşünməyin, biz onu taparıq, amma gəlin bir studiya yaradaq və o studiya yalnız və yalnız Azərbaycan tarixi haqqında filmlər çəksin. Çox gözəl bir fikir idi. Həmin o fikri həyata keçirmək istəyəndə, oturub smetanı hesablayanda gördük ki... Elə bilirsiniz o qədər aktyor tapıb onlarla işləmək asandır? “Hökmdarın taleyi” filminin çəkilişi dövründə, dörd il müddətində, saçlarım, dişlərim töküldü, həmin dörd il ərzində qocaldım. 180 nəfərlə işləmək elə-belə iş deyil. Hər aktyorla işləmək, ona yerişi, duruşu, baxışı öyrətmək elə bilirsiniz asandır? Tarixi filmdə əsas məqamlardan biri aktyorların üzlərinin arxitip olmasıdır. Bizdə elə insanlar var ki, heç arxitip deyil, mən bu cür üzü olmayan birini tarixi filmə çəkə bilmərəm. Bizim filmdə isə aktyorların 99 faizinin arxitip üzü var idi. Məsələn, Fətəli şahı oynayan Pərviz. O, Pantomim Teatrının aktyorudur, fars dilini, danışığı sonralar öyrəndi. O fars dilini öyrəndi və necə də gözəl danışdı.

- Filmdəki aktyorlar xarici dilləri öyrənmişdilər?

- Onlar hamısı öz səsi ilə, öz dili ilə danışırdılar. Onlara müəllim tutulmuşdu və fars obrazı fars dilində, rus obrazı rus dilində, azərbaycanlı obrazı öz dilimizdə danışırdı. Biz bu gün tarixi film çəkdik. Bu filmdə çəkilən aktyorların 70 faizi debütantlar idi. Filmin nümayişindən sonra bir nəfər mənə zəng edib dedi ki, “dünya durduqca İbrahimxəlil xanın bu gün qalmış qohum-əqrəbaları sənə təşəkkür etməlidirlər ki, onu tamam başqa düşüncəli insan elədin”.

- Sizə elə gəlmir ki, İbrahimxəlil xan obrazı ilə Sizi tamaşaçılara sevdirən Zaur obrazını unutdurdunuz?

- Əgər bu obraz Zauru unutdursa, mən xoşbəxt olardım... Unutdurmaq yox, sadəcə çatdırmaq istəyirdim ki, Zaur insan ömrünün bir yaş dövrüdür, məhəbbəti anlayan, həyatı və qadını sevən... İbrahimxəlil xan isə tarixi bir şəxsiyyətdir. Bunlar başqa-başqa şeylərdir. Əgər doğrudan da belədirsə, onda mənə beş qiyməti düşür. Deməli, nəyəsə qadirəm.

- Sirr deyilsə, film siyasi cəhətdən problem yaratmadı ki?

- Mən aktyoram, siyasətçi deyiləm. Vallah bilmirəm, burada nə siyasi motiv axtarırsınız? Biz yalnız o dövrdə pərən-pərən düşmüş xanlıqları bir yerə yığmağa çalışan, bir dövlət altında birləşdirmək istəyən İbrahimxəlil xan obrazını yaratmışıq. Hətta filmdə İbrahimxəlil xanın dilindən “Dedim, gəlin birləşək, istəsəniz lap mehtəriniz olaram” deyilir. Söhbət bundan gedir, əgər bu, hansısa qonşu dövlətlərin xoşuna gəlmirsə və ya qorxudursa, o zaman başını daşa, divara vursun.

- Filmdə ləhcədən istifadə olunmaması əvvəlcədən düşünülmüş ideya idi?

- Bu, düşünülmüş bir şeydir. Nəinki ləhcə, filmdə mirzələrin xanların qarşısında baş əyməsi və buna bənzər səhnələr yox idi. Biz bunları düşünərək, qəsdən etmişik. Məqsədimiz isə o idi ki, həmin stereotipdən qurtulaq. Filmdə xan cəmi bir-iki yerdə, rəsmi səhnələrdə başıpapaqlı çəkilib. Ləhcədən istifadə olunmaması düşünülmüş bir şey idi. Məsələn, Cavad xan obrazını yaradan Vidadi Həsənov gəncəlidir. Ancaq heç kimə başqa ləhcədə danışmağa icazə vermirdik. Hamı sırf Azərbaycan dilində və İlyas Əfəndiyev dilində danışırdı...

- Hər bir tamaşaçı kimi, bizə də elə gəldi ki, Siz filmin heyətindən çox güclü idiniz...

- Bunu siz deməlisiniz, mən yox. Filmdəki bütün aktyorlar öz üzərlərində çox işləmişdilər. Pərviz Məmmədov, Günəş Əliyeva, Məmməd Səfa, Manaf Dadaşov, Əli Cəfərov, Mehriban Zəki... Moskvada bu film nümayiş olunanda Mehriban Zəki yaratdığı obrazla “mən xanın arxasınca gəlmişəm, balalarımın isə digər şəhidlərdən fərqi yoxdur” deyən zaman, Sisyanovun ölüm səhnəsində, dolma ilə bağlı kadrda alqışların ardı-arası kəsilmirdi.

- Premyeradan sonra zalın yarıdan çoxunun rus dilli tamaşaçılar olduğu diqqətimizi çəkdi.

- Əgər yalnız premyeradan yox, hətta restorandan, zavoddan, məktəbdən çıxanların belə öz dilində danışacağı dövrün gəlməsini istəyirsinizsə, bunun üçün xeyli müddət keçməlidir. Çünki gözümüzü açandan bütün yaxınlarımız bu dildə danışıb. Digər bir tərəfdən də çox dil bilməyin nəyi pisdir? Mən 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində dörd ay Livanda filmə çəkilmişəm. Orada livanlıların 98 faizi fransız dilində danışırdı. Bu o demək deyil ki, onlar öz dillərini bilmirlər. Vaxt gələcək, rus dilini öyrənmək üçün biz müəllim tutacağıq. Amma bu gün insanlar rus dilini bilirlər, bu dildə danışırlar, amma nədənsə biz bu halı özümüzə qüsur bilirik. Mən bir daha təkrar edirəm - bu film Rusiyaya qarşı deyil, imperiyaya qarşıdır.

- Maraqlıdır ki, filmin nümayişində quruluşçu rejissor Ramiz Fətəliyev iştirak etmədi.

- Onun premyeraya gəlməməyinin səbəbi yalnız və yalnız səhhətində olan nasazlıqlar idi. Son ana qədər gəlməli idi, ancaq artıq premyeranın başlamasına üç dəqiqə qalmış mənə çatdırdılar ki, Ramiz müəllim zalda deyil. Mən də nəzərə alaraq dedim ki, quruluşçu rejissor hansısa səbəbə görə zalda yoxdur. Bəlkə də həyəcanlı idim deyə, Ramiz Fətəliyevin adını çəkmədim. Amma premyeraya gəlməməsinin səbəbini sonradan bildim.

- “Hökmdarın taleyi” filmi “Oskar” mükafatına təqdim edilə bilərmi?

- “Oskar” mükafatının çox böyük tələbləri var. O tələblərə cavab vermək lazımdır. Təəssüflər olsun ki, Azərbaycan filmləri hələ bu tələblərə cavab vermək iqtidarında deyil. Texnikanı qoyuram bir kənara, burada aktyor, rejissor faktoru var, çəkinmədən deyə bilərəm ki, siyasi faktorlar var. Bu faktorlarsız, bu tələblərsiz, heç vaxt heç bir filmi, illah ki, tarixi filmi bu müsabiqəyə düşünmədən qəbul etməzlər. “Oskar” mükafatı elə bir əlçatmaz, kosmosda olan bir planet deyil ki. Ona bizim də əlimiz çata bilər. Çünki bu gün çox maraqlı gənclər peyda olublar. Çox maraqlı cavan rejissorlar, az da olsa ssenari müəllifləri, aktyorlar gəlir. Bunun üçün vaxt lazımdır. Moskva da birdən-birə qurulmayıb ki.

- Bunun üçün Azərbaycan kinosu neçə il gözləmək məcburiyyətindədir?

- Yalnız onu deyə bilərəm ki, təəssüflər olsun ki, mən o günü görməyəcəyəm.

- Yaratmaq istədiyiniz digər tarixi obrazlar varmı?

- Mənim yerinə yetməyən bir arzum var - Ağa Məhəmməd Şah Qacar obrazını yaratmaq. Deyəsən bu arzuma çatmamış dünyanı tərk edəcəyəm. Qacarı elə oynamaq istəyirəm ki, qonşularımız əsəbiləşsinlər. Bəlkə də bu, tarixə müdaxilədir. Şah İsmayıl Xətaini də çox oynamaq istərdim, ancaq təəssüflər olsun ki, artıq yaşım keçib. Şah İsmayıl Xətai çox erkən vəfat edib. O rolu yaratmaq da bir arzu olaraq qaldı. Bizim tariximizdə o qədər böyük şəxsiyyətlər var ki. Hesab edirəm ki, onların hər biri haqqında film çəkilməlidir.

- Fəxrəddin Manafov hazırda hansısa filmə çəkilirmi?

- Hazırda heç bir filmə çəkilmirəm. İş yoxdur, məni heç yerə dəvət eləmirlər. Ona görə yox ki, günün tələblərinə cavab verə bilmirəm. Sadəcə, iş yoxdur. Maraqlı bir insanın maraqlı bir layihəsi var. Hazırda o layihə ətrafında söhbətlər aparırıq. Bu layihə televiziya ilə bağlıdır. Televiziya ilə bağlı olsa da, yenə də mənim sənətimlə əlaqədardır.

- Həyatını kinodan ayrı təsəvvür etməyən Fəxrəddin Manafov kinodan ayrı necə yaşayır?

- Təbii ki, çox ağır olur. Elə bil kimsə idmanla məşğul olur, sonra birdən-birə tamamilə idmandan ayrılır, ayağa dura bilmir, tənbəlləşir. Kino isə elə bir işdir ki, bu işi buraxmağınla professionallığı, səriştəliliyi itirirsən. Əslində mən gərək indi filmə çəkilim. Mənim üçün filmə çəkilməmək çox ağırdır. Özü də elə bir dövrdə, elə bir yaşda, sənətimin elə pik nöqtəsindəyəm ki, mütləq filmə çəkilməliyəm. Hər birimiz bilirik ki, əbədi heç nə yoxdur. Çox qəribədir, hərdən arxaya dönüb baxanda görürəm ki, heç kimim qalmayıb, tək qalmışam.

- Bəs Rusiyada necə, filmlərə dəvət alırsınız?

- Böhran vəziyyəti Rusiya kinosuna da təsir edir. Onlar üçün bu durumda məni Azərbaycandan dəvət edib filmə çəkmək çox ağırdır. Mənim orada hər çəkiliş günüm təsirli bir məbləğə gəlib çıxır. Onlar üçün öz aktyorlarını çəkmək daha rahatdır. Çəkiliş müddətində Azərbaycana gedib-gəlməyim üçün yol xərcləri, yaşayış yeri ilə təmin olunmağım onlara çox baha başa gəlir. Rusiyanın da ki, maşallah, öz aktyor alayı var...
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR