Bank Of Baku

Qubada bu il 200 tona yaxın bal istehsal edilib

Qubada bu il 200 tona yaxın bal istehsal edilib
# 05 sentyabr 2026 21:13 (UTC +04:00)

Qubada arıçılıq təsərrüfatlarında bu il 200 tona yaxın bal məhsulu əldə edilib.

APA-nın Şimal bürosunun məlumatına görə, bunu Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin Heyvandarlıq şöbəsinin rəisi Aydın Qədiməliyev bildirib.

Onun sözlərinə görə, hazırda rayonda 21 700 arı ailəsi və 761 arıçılıq təsərrüfatı mövcuddur.

A.Qədiməliyev qeyd edib ki, 2026-cı il Qubada arıçılar üçün ümumilikdə müsbət il hesab olunur. Aran ərazilərində bir arı ailəsindən orta hesabla 16-20 kiloqram bal götürülüb. Dağlıq ərazilərdə isə məhsuldarlıq kənddən-kəndə dəyişib.

“Yağıntılar və yağışlardan sonra kəskin istilərin düşməsi ilə əlaqədar dağ kəndlərində məhsuldarlıq nisbətən zəif olub. Bəzi kəndlərdə 3-5 kiloqram, bəzi kəndlərdə isə 10-12 kiloqram bal əldə edilib”, – o bildirib.

Şöbə rəisinin sözlərinə görə, dövlət dəstəyi də arıçılığın inkişafına təsir göstərib. Belə ki, 2018-2022-ci illərdə arı ailələrinə görə beş il müddətində 10 manat subsidiya verilib.

A.Qədiməliyev əlavə edib ki, kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı ilə bağlı 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramında orqanik məhsul istehsalının təşviqi və yerli kənd təsərrüfatı məhsulları üçün brendlərin yaradılması istiqamətində tədbirlər də nəzərdə tutulub.

Onun sözlərinə görə, bu imkanlardan arıçılıq təsərrüfatları da yararlana bilər.

“Dünya bazarında Yeni Zelandiyanın bir brend balı varsa, niyə Azərbaycanın olmasın? Xüsusən Haput kəndinin balı dəfələrlə beynəlxalq sərgilərdə yüksək qiymətə layiq görülüb”, – A.Qədiməliyev vurğulayıb.

Şöbə rəisi arıçılara məhsulların satışında ənənəvi üsullardan kənara çıxmağı da tövsiyə edib. O, balın markalanması, etiketlənməsi, keyfiyyəti barədə məlumatların təqdim edilməsi və uyğun qablaşdırılmasının vacibliyini qeyd edib.

A.Qədiməliyev hesab edir ki, yerli balın həm daxili, həm də xarici bazarlarda tanıdılması üçün məhsulun keyfiyyəti ilə yanaşı, təqdimatına və brendləşdirilməsinə də diqqət artırılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR