Bank Of Baku

“Eurovision-2009” musiqi yarışmasında Ermənistan təmsilçisinə səs göndərən Azərbaycan vətəndaşları qınanılıb

“Eurovision-2009” musiqi yarışmasında Ermənistan təmsilçisinə səs göndərən Azərbaycan vətəndaşları qınanılıb
# 21 avqust 2009 13:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Gənclər Təşkilatı “Eurovision-2009” musiqi yarışmasında Ermənistan təmsilçisinə Azərbaycandan göndərilən səslərlə bağlı açılmış müzakirələrə həsr olunmuş dəyirmi masa keçirib. APA-nın məlumatına görə, DAK mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyli bunun əvvəlcədən təşkil olunmuş bir addım olduğunu deyib. Onun sözlərinə görə, erməni xüsusi xidmət orqanları və Azərbaycandakı bəzi QHT-lər ölkənin beynəlxalq imicinə zərbə vurmaq üçün belə bir addım atıblar: “Onlar səs göndərən şəxslərin hüquq-mühafizə orqanlarına çağırılacağını əvvəlcədən hesablayıblar. Ona görə də sonradan bu şəkildə problemi şişirtməyə çalışırlar. Amma əslində onların heç birinə təzyiq edilməyib, normal sorğu-sual aparılıb və heç kim həbs olunmayıb”. Ə. Amanbəyli deyib ki, Azərbaycan ifaçılarına etiraz etmək Ermənistan təmsilçisinə səs verməyə əsas yaratmamalıdır.

Müstəqil jurnalist Azər Həsrət isə bildirib ki, 43 nəfər faktiki olaraq ermənilərin mövqeyindən çıxış ediblər: “Milli Təhlükəsizlik Nazirliyi isə sadəcə öz vəzifəsini yerinə yetirərək, sorğu-sual aparıb. Həmin şəxslər etdikləri hərəkətlərdən utanaraq, bu məsələni mətbuata çıxarmamalı idilər”. A. Həsrətin sözlərinə görə, bu faktdan istifadə edərək beynəlxalq təşkilatlar Azərbaycanın adını yenidən “qara siyahı”lara salmağa çalışacaqlar.

Tədbirdə iştirak edən digər gənclər təşkilatlarının üzvləri də 43 nəfərin erməni təmsilçisinə səs göndərməsini pisləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR