Bank Of Baku

“Şərq-Qərb” Beynəlxalq Kino Festivalı çərçivəsində müsəlman ölkələrində istehsal olunan filmlər nümayişi nəzərdə tutulur

“Şərq-Qərb” Beynəlxalq Kino Festivalı çərçivəsində müsəlman ölkələrində istehsal olunan filmlər nümayişi nəzərdə tutulur
# 08 sentyabr 2009 10:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. 18-23 sentyabr tarixlərində Bakıda XI “Şərq-Qərb” Beynəlxalq Kino Festivalı keçiriləcək. APA-nın məlumatına görə, bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq yazıçısı Rüstəm İbrahimbəyov, Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, həmin şöbəsinin sektor müdiri Yusif Şeyxov festivala həsr olunmuş mətbuat konfransı keçiriblər. Tədbirdə çıxış edən Rüstəm İbrahimbəyov festivalın Azərbaycan Kinematoqrafçılar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı , Heydər Əliyev Fondu və MDB və Baltikyanı Ölkələri Kinematoqrafçılar İttifaqları Konfederasiyasının dəstəyi ilə keçiriləcəyini bildirib: “Festivalın coğrafiyası ildən-ilə genişlənir. Bu il “Şərq-Qərb” festivalında ənənəvi olaraq Avrasiya ölkələrində istehsal edilən, özünə kifayət qədər kinematoqrafiya ictimaiyyətini cəld etmiş, beynəlxalq festivallarda iştirak etmiş yeni ekran əsərlərinin panoramı təqdim ediləcək. Builki festivalın əsas fərqi ondadır ki, bu il Bakı şəhəri İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Məhz buna görə də XI festivalda müsəlman ölkələrinin filmləri nümayiş etdiriləcək”.

İttifaq sədri qeyd edib ki, builki festivalın əlamətdar hadisəsi tanınmış çex kinematoqrafçısı, “Qızıl Qlobus” mükafatına layiq görülmüş, ssenarist və prodüser Yan Sverakın “Sürmə” (1994), “Kolya” (1995) və “Netçciklər” (1998) filmlərinin retrospektivinin təşkil olunmasıdır. Eyni zamanda festivalda çex rejissoru Zdenek Troşkanin “Ən gözəl tapmaca” film-nağılının Azərbaycan premyerası və eləcə də Nana Djorcadzenin “Meteosəfeh” və Teymur İsmayılovun “Binqo” filmləri nümayiş olunacaq: “ “Müsəlman mistisizmi və onun dünya mədəniyyətinə təsiri” mövzusunda keçiriləcək dairəvi masa festival iştirakçılarını və tamaşaçıları öz ətrafına toplayacağına inanırıq. Festival çərçivəsində həmçinin Aleksandra Kremer-Xomasuridzenin müəllif foto-sərgisi də təşkil olunacaq”. Ənənəvi olaraq festivalda “Tamaşaçılara ən humanist göndəriş”, “Dünya kinematoqrafındakı xidmətlərinə görə”, “Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı rola görə”, “Kişilik rəmzini tərənnüm edən ən yaxşı rola görə”, “Ən parlaq debüt” nominasiyaları üzrə mükafatlar təqdim ediləcək.

R. İbrahimbəyovun sözlərinə görə, bu nominasiyaları qazanan kino mütəxəssislərinə çox bahalı hədiyyələr də veriləcək. Dünya ulduzlarının festivalda iştirak etməməsi məsələsinə də toxunan kinorejissor, bunun səbəbini maddi problemlərlə əsaslandırıb: “Sözsüz ki, dünya ulduzlarının Bakıya gəlməsi üçün tələb etdikləri qonorar çox yüksəkdir. Hətta bu qonorar yüksək olmasa da, onların şəhərimizdə yüksək səviyyədə yerləşdirilməsi çox çətindir. Dünya ulduzlarının Bakıda keçirilən festivala cəlb olunması üçün festivala qoyduğumuz miqdarda pul qoymalıyıq. Biz isə hələlik bu duruma hazır deyilik”.

Festival çərçivəsində Avrasiya Filmləri Panoramasında rejissor Elemer Raqalyinin “Aman vermədən” (Macarıstan, 2008-ci il), rejissor Yavor Qırdevin “Dzift” (Bolqarıstan, 2008-ci il), rejissor Mixail Kalatozişvili “Yabançı çöllük” (Rusiya, 2008-ci il), rejissor Georgiy Ovaşvilinin “Başqa sahil” (Gürcüstan-Qazaxıstan, 2009-cu il), rejissor İlmar Raaqın “Sinif” (Estoniya, 20097-ci il), rejissor Nikolay Dostalın “Petya o dünyaya gedən yolda” (Rusiya, 2009-cu il), rejissor Kasya Adamikin “Məskənsizlər stadionu” (Polşa, 2008-ci il), rejissor Yan Sverakın “Şüşəli tara” (Çexiya, 2008-ci il), rejissor Larisa Sadilovanın “Oğulçığaz” (Rusiya, 2009-cu il) filmləri nümayiş olunacaq. Festival çərçivəsində təşkil olunacaq müsəlman ölkələri filmlərinin panoramasında isə rejissor Elçin Musaoğlunun “Qırxıncı qapı” (Azərbaycan, 2008-ci il), rejissor Rüstəm Abdraşevin “Stalinə hədiyyə” (Qazaxıstan, 2008-ci il), rejissor Rəsul Sədrəməlinin “Hər gecə tənhalıq” (İran, 2008-ci il), rejissor Firuzə Xosrovanin “Manekenlər” (İran, 2008-ci il), rejissor Əyub Şahobiddinovun “Yurta” (Özbəkistan, 2007), rejissor Özür Kızıltanın “Takva” (Türkiyə, 2006), rejissor Filipp Dibin “İtmiş ruhun axtarışında” (Misir, 2006), rejissor Nurəddin Laxmarinin “Kasaneqra” (Mərakeş, 2009) və rejissor Fadhel Cəzirinin “Otuzuncular” (Tunis, 2008) filmlərinin nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, XI “Şərq-Qərb” Bakı Beynəlxalq Kino Festivalının açılışı sentyabrın 18-də Heydər Əliyev Sarayında keçiriləcək. Festival çərçivəsində filmlərin nümayişi isə “Azərbaycan” kinoteatrı və “İbrus” Teatrında baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR