Bank Of Baku

“Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib

“Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib
# 18 sentyabr 2009 12:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. M. F. Axundov adına Milli Kitabxanada Beynəlxalq Musiqi Həftəsi çərçivəsində “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov kitabxananın əməkdaşları tərəfindən tərtib edilmiş biblioqrafik kitabda dahi bəstəkarın həyat və yaradıcılığını hərtərəfli işıqlandırıldığını bildirib: “Bu, AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən 1985-ci ildən hazırlanmış biblioqrafiyanın yenidən işlənilmiş və genişləndirilmiş nəşridir. Kitab 1905-ci ildən 2008-ci ilədək olan dövrü əhatə edir və dörd bölmədən ibarətdir. Bölmələrə bəstəkarın həyat və yaradıcılığının əsas məqamları, yaradıcılıq yolunun ümumi xarakteristikasına həsr olunmuş oçerk, bəstəkarın musiqi əsərləri, kitabları və ayrı-ayrı məcmuələrdə, jurnallarda, qəzetlərdə dərc olunmuş məqalələri, eləcə də Üzeyir Hacıbəyli haqqında ədəbiyyat daxildir”.

Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri Firudin Qurbanov isə Üzeyir Hacıbəylinin Azərbaycan klassik musiqisinin inkişafında əvəzsiz xidmətlərindən danışıb. O, bəstəkarın bütün həyat və yaradıcılığını əks etdirən bu biblioqrafiyanın çox əhəmiyyətli iş olduğunu dilə gətirib.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi və kitabın ön söz müəllifi Zemfira Səfərova da çıxış ediblər. Sonda bəstəkarın əsərlərindən, onun haqqında yazılan kitablardan ibarət kitab sərgisi təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR