Bank Of Baku

“Mədəniyyətlərarası dialoq” mövzusunda “Ən Yaxşı Fotoşəkil” müsabiqəsi elan olunub

“Mədəniyyətlərarası dialoq” mövzusunda “Ən Yaxşı Fotoşəkil” müsabiqəsi elan olunub
# 25 fevral 2011 12:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan hökumətinin təşəbbüsü ilə aprelin 7-dən 9-a qədər Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoq” mövzusunda “Ən Yaxşı Fotoşəkil” müsabiqəsi elan olunub. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, miqyasının genişliyinə, iştirakçıların tərkibinə, tərəfdaş qismində cəlb olunan beynəlxalq qurumların sayına və formatına görə Bakı Forumunu dünya səviyyəli ilk belə tədbir hesab etmək olar. Belə ki, forumun təşkilinə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, AŞ Şimal-Cənub Mərkəzi, İSESKO və “Euronews” kimi nüfuzlu beynəlxalq qurumlar tərəfdaş kimi cəlb edilib. Müsabiqənin keçirilməsində məqsəd dünya xalqları və müxtəlif sivilizasiyalar arasında dialoq və əməkdaşlığı təşviq etməkdir.

Müsabiqənin şərtlərinə görə, təqdim ediləcək fotoşəkillər rəngli və ya ağ-qara ola bilər.
Mədəniyyətlərarası dialoqa həsr olunmuş fotolar Azərbaycanda və dünyada yaşayan müxtəlif xalqlar, mədəniyyətlər və dinlər arasında birgə yaşama ənənələrinə, dialoq və əməkdaşlığın təbliğinə xidmət etməlidir. İşlər Mədəniyyət və Turizm Nazirliyinə martın 15-dək təqdim edilməlidir. Müsabiqəyə təqdim edilmiş fotoların əsasında forumun keçiriləcəyi məkanda – “Gülüstan” sarayında foyedə 30-50 əsərlik fotosərgi təşkil ediləcək. Müsabiqənin qalibləri forum iştirakçıları tərəfindən gizli səsvermə yolu ilə təyin olunacaq. Qaliblər üçün hər biri müvafiq olaraq 3000, 2000 və 1000 manat məbləğində 1-ci, 2-ci və 3-cü dərəcəli mükafatlar təsis edilib. Təltif olunma mərasimi isə aprelin 8-də “Buta” sarayında keçiriləcək.

Məlumatda o da bildirilib ki, müsabiqə nəticəsində fotosərgi üçün seçilmiş işlər dövlət mülkiyyəti sayılmaqla, Mədəniyyət və Turizm Nazirliyinin istifadəsinə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR