Bank Of Baku

Bu gün II Beynəlxalq Muğam Festivalının təntənəli açılışı keçiriləcək

Bu gün II Beynəlxalq Muğam Festivalının təntənəli açılışı keçiriləcək
# 14 mart 2011 10:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Bakıda “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı başlayır. Festivalın başlaması ilə əlaqədar Azərbaycan Bəstəkarlar İttifaqında mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə I Beynəlxalq Muğam Festivalını xatırlayaraq onun böyük rezonans doğurduğunu deyib. İkinci festival barədə ətraflı məlumat verən F. Əlizadə 8 günlük festival çərçivəsində hər gün bir neçə tədbir keçiriləcəyini bildirib.

Konfransda iştirak edən Paris Universitetinin professoru Jan Dürink ilk festival barədə təəssüratlarını bölüşüb. O, Azərbaycan xalqının qonaqpərvərliyini xüsusi vurğulayıb.

Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva qeyd edib ki, festivala qatılan bütün xarici qonaqların xərcləri dövlət tərəfindən ödənir. O bildirib ki, festival çərçivəsində qonaqlar üçün Bakının görməli yerlərinə xüsusi ekskursiyalar təşkil olunacaq.

Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi isə festival çərçivəsində keçiriləcək muğam müsabiqəsi barədə məlumat verib. Onun sözlərinə görə, martın 17-də müsabiqənin püşkatması olacaq, 18-də isə yarışma başlayacaq. Martın 20-də - müsabiqənin son günündə qaliblər müəyyənləşəcək.

S. Kərimi müsabiqəyə Azərbaycanla yanaşı Çin, Hindistan, Özbəkistan, İordaniya, İran, Küveyt, Mərakeş və Türkiyədən də ifaçıların qatılacağını söyləyib. Azərbaycanı festivalda 5 ifaçı - Fərqanə Qasımova, Babək Niftəliyev, Aytən Məhərrəmova, Ehtiram Hüseynov və Nişanə Baxışova təmsil edəcək.

Qeyd edək ki, festivalın açılış mərasimi bu gün axşam Beynəlxalq Muğam Mərkəzində olacaq. Qapanış mərasimi ilə bağlı qala konsert isə martın 21-də Heydər Əliyev Sarayında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR