Bank Of Baku

Bakıda “Muzeylərin müasir durumu və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Bakıda “Muzeylərin müasir durumu və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
# 29 iyun 2011 08:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində “Muzeylərin müasir durumu və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. APA-nın məlumatına görə, konfransda çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, konfrans çərçivəsində mədəni irsin qorunmasında muzeylər, müasir muzeylərdə konservasiya və bərpa məsələləri, muzeylər və mədəni turizm, tarix və mədəniyyətin tədrisi və təbliğində müasir muzeylərin rolu, muzeylərdə informasiya texnologiyalarının tətbiqi, muzey menecmentinin problemləri mövzularında müzakirələr olacaq.
AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov AMEA Rəyasət Heyətinin təbrik məktubunu oxuyub. Daha sonra mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək, konfransın mövzusunun əhəmiyyətli və aktual olduğunu deyib. Nazir müavini Azərbaycanda muzey sahəsində görülən işlər barədə məlumat verib. Bildirib ki, ölkədə 250 muzey var ki, onlardan 205-i Mədəniyyət və Turizm Nazirliyinə aiddir. S. Məmmədəliyeva qeyd edib ki, 2006-cı ildən başlayaraq prezident İlham Əliyev tərəfindən muzey işi ilə bağlı 9 sərəncam imzalanıb.

Nazir müavini işğal altında qalmış ərazilərimizdəki muzeylər barədə də danışıb. Vurğulayıb ki, işğal olunmuş ərazilərdə 100 mindən çox əşyanın toplandığı 22 muzey qalıb. Onların bir qisminin fəaliyyəti Azərbaycanın digər regionlarında bərpa olunub.

Qeyd edək ki, muzeylərin müasir durumu və inkişaf perspektivlərinə həsr olunmuş beynəlxalq elmi konfrans iyulun 2-nə qədər davam edəcək. Konfrans çərçivəsində Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Almaniya, Bolqarıstan, İtaliya və digər ölkələrin mütəxəssisləri məruzələrlə çıxış edəcəklər. İyulun 1-də isə konfrans iştirakçılarının orta əsr Ağsu şəhərinə ekskursiyası təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR