Bank Of Baku

Əli Əmirlinin “Kişi və qadın”ı Mingəçevir Teatrının aktyorlarının ifasında təqdim olunub

Əli Əmirlinin “Kişi və qadın”ı Mingəçevir Teatrının aktyorlarının ifasında təqdim olunub
# 21 noyabr 2011 10:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Əli Əmirlinin “Kişi və qadın” adlı iki hissəli epataj komediyası əsaslı təmirdən sonra 43-cü teatr mövsümünü açan Mingəçevir Dövlət Dram Teatrının aktyorlarının ifasında tamaşaçılara təqdim olunub. Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Həsən Həsənovun APA-ya verdiyi məlumata görə, bu, Əli Əmirlinin Mingəçevir teatrında tamaşaya qoyulan dördüncü əsəridir. Dünyanın özü qədər qədim və əbədi bir mövzuya – kişi və qadın münasibətlərinin qəribəliklərinə həsr olunmuş bu komediyanı dramaturq 2004-cü ildə qələmə alıb və əsər elə yazıldığı ildə də Dövlət Gənclər Teatrında mərhum rejissorumuz Hüseynağa Atakişiyevin quruluşunda səhnələşdirilib. Bundan sonra əsər ölkənin bir sıra teatrlarına da vəsiqə alıb. Axırıncı dəfə “Kişi və qadın” bu ilin aprel ayında Qusar Dövlət Dram Teatrında ləzgi dilində səhnəyə qoyulub.

Dramaturqun komik-dramatik səpkidə işlədiyi bu komediyada dramatik situasiya gözlənilməz olduğu qədər də maraqlıdır. Hadisələr tamaşaçının diqqətini elə ilk səhnələrdən çəkir. Bir-birlərini əvəz edən qəfil dönüşlərlə, gərgin psixoloji məqamlarla müşayiət olunan komik səhnələr, ekssentrik vəziyyətlər, vərdiş etdiyimiz həyat normalarını pozan epataj hadisələr quruluşçu rejissor Sərvər Əliyevin yozumunda adi məişət komediyası modelində deyil, sırf teatral həyat modeli kimi təqdim edilir. Tamaşada teatrın aktyorları Günel Əhmədova, Şıxı Yaqubov, Zülfi Məmmədov, Fəridə Məmmədova, Ruhəngiz Abdullayeva, Afət Əliyeva və rejissorun özü Sərvər Əliyev oynayır. Tamaşanın rəssamı Rafael Haşımov, musiqi tərtibatçısı Elnur Rəsulovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR