Bank Of Baku

Akademik Milli Dram Teatrının işçi heyətində dəyişiklik olacaq

Akademik Milli Dram Teatrının işçi heyətində dəyişiklik olacaq
# 27 dekabr 2011 11:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Akademik Milli Dram Teatrının işçi heyətində dəyişiklik olacaq və növbəti il üçün yenidən müqavilələr bağlanacaq. Teatrın direktoru İsrafil İsrafilov APA-ya açıqlamasında gələn il fevralın ilk günlərində işçilərlə yeni müqavilənin imzalanacağını bildirib: “Bir il əvvəl yeni təyin olunanda və müqavilə sisteminə keçiləndə mən kollektivi yaxşı tanımırdım. Bu bir il ərzində kollektivi tanıdım və artıq hər bir işçinin fəaliyyəti və qabiliyyəti barədə kifayət qədər məlumatlıyam. Ötən il məhz bu səbəbdən bütün kollektivlə müqavilələr imzalandı, onlara da, özümə də şans verdim. Düşünürəm ki, Akademik Milli Dram Teatrının gələcək inkişafı və perspektivi naminə addımlar atmağın zamanıdır. Mən o addımları atacağam”.

İ. İsrafilov deyib ki, bu il olduğu kimi, növbəti il də kollektivlə müqavilələr müəyyən şərtlər əsasında imzalanacaq. O, növbəti il üçün kimin teatrda işləyib-işləməyəcəyini də artıq müəyyənləşdirib.

Dövlət başçısının “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı ilə bağlı sərəncamını xatırladan teatr rəhbəri bəyan edib ki, bu proqramdan irəli gələn məsələlər icra olunur və bu məqsədlə lazım olan addımlar atılacaq: “2011-ci il müddətində kollektivin yeni məqsədləri, repertuarın zənginləşdirilməsi, başqa teatrlarla əməkdaşlıq, beynəlxalq layihələrin gerçəkləşdirilməsi işi uğurla həyata keçirildi. Birinci il yeni münasibətlərə keçid etdik, aktyorlarla müqavilə, rejissorlarla qonorar sisteminə keçdik, yeni texnologiyaların tamaşalarda tətbiqi reallaşdı, qastrol səfərlərimiz oldu. İtaliya və Polşa, eləcə də bir çox digər ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələri qurduq. Eyni zamanda I Bakı Beynəlxalq Teatr Konfransını həyata keçirdik”.

2011-ci ilin Akademik Milli Dram Teatrı üçün çox uğurlu yekunlaşdığını söyləyən İ. İsrafilov, bu il teatrın öz daxili imkanları hesabına beş tamaşanın hazırlandığını diqqətə çatdırıb: “Son 30 ilə nəzər salsaq görərik ki, teatr bir mövsümdə öz imkanları hesabına yeni tamaşa təhvil verməyib. Bu da çox böyük uğurlarımızdan biridir. Bundan əlavə, aktyor heyəti üçün vokal, rəqs, plastika mütəxəssisləri ilə xüsusi dərslər keçirilməyə başladı, trenajor zalını istifadəyə verdik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR