İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salem bin Məhəmməd Əl-Malik Qarabağdakı tarixi-mədəni irsin qorunması və bərpası istiqamətində görülən işlərlə bağlı sertifikat təqdim edib. Sertifikatlar Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi və Şuşa şəhəri Dövlət Tarix-Memarlıq Qoruğunun ICESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilməsi ilə bağlı təqdim olunub.
APA xəbər verir ki, sertifikatlar Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynova Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təqdim olunub.
Salem bin Məhəmməd Əl-Malik çıxışında ICESCO nümayəndə heyətinin azad edilmiş ərazilərə həyata keçirdiyi səfərlərdən danışıb.
O bildirib ki, ICESCO-nun nümayəndə heyəti ilk dəfə 2020-ci ildə Qarabağa səfər edib. Həmin vaxt ərazilərdə mina təhlükəsi ilə bağlı xəbərdarlıqlar edilib və nümayəndə heyəti bölgədə işğal nəticəsində yaranmış genişmiqyaslı dağıntıların şahidi olub.
“Biz ilk səfərimiz zamanı çox kədərli mənzərənin şahidi olduq. Çoxsaylı dağıntılar gördük və bununla bağlı hökumətin qarşısında duran böyük vəzifələri müşahidə etdik”, – ICESCO baş direktoru bildirib.
Salem bin Məhəmməd Əl-Malik qeyd edib ki, müxtəlif ölkələrdən olan mütəxəssislərin iştirakı ilə beynəlxalq missiya yaradılıb. Fransa, Almaniya, Kolumbiya və digər ölkələrdən olan nümayəndələrin daxil olduğu missiya Qarabağın beş ərazisində araşdırma apararaq hesabat hazırlayıb.
Onun sözlərinə görə, həmin missiya daha sonra bölgəyə ikinci dəfə səfər edib və yeni hesabat hazırlayıb.
“Eyni missiya yenidən geri qayıtdı və ikinci hesabatı hazırladı. Bu hesabat Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim edildi”, – Əl-Malik vurğulayıb.
ICESCO baş direktoru bildirib ki, təşkilat Qarabağda tarixi və mədəni irsin qorunması istiqamətində görülən işləri yüksək qiymətləndirir.
O əlavə edib ki, təşkilatın hazırladığı sənədlər beynəlxalq səviyyədə Qarabağdakı tarixi irsin vəziyyəti ilə bağlı mövqenin təqdim olunması baxımından əhəmiyyətlidir.