Süni intellekt dövründə tərəfdaşlıqlar gücləndirilməlidir.
APA xəbər verir ki, bunu Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
Nazir müavininin sözlərinə görə, süni intellektin mədəniyyətlərarası dialoqa töhfə verməsi istiqamətində səy göstərilməlidir.
O, növbəti Mədəniyyətlərarası Dialoq Forumunun iki ildən sonra - 2028-ci ildə keçiriləcəyini diqqətə çatdırıb: “Növbəti 2 ildə qarşımızda görüləsi çox işlər var. Builki forumun proqramı isə olduqca zəngindir. Bugünkü müzakirələrimiz dövrümüzün ən çətin məsələlərindən birinə — süni intellekt dövründə sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə həsr olunub. Forumda irəli sürülən müzakirələr və təkliflər yekun sənəddə — mədəniyyətlərarası dialoqun qorunmasına dair tövsiyələrdə öz əksini tapacaq. Bu sənəd beynəlxalq təşkilatlarda və hökumətlərdə qərar qəbul edən şəxslər üçün praktiki vasitə rolunu oynayacaq. 2028-ci ildə yenidən görüşəndə əldə olunan nəticələri təqdim edə və sülh quruculuğu istiqamətində mühüm missiyamızı necə davam etdirəcəyimizi müzakirə edə biləcəyik”.
Nazir müavini tədbir iştirakçılarını Azərbaycanı, onun zəngin irsini, qonaqpərvərliyini, mətbəxini və mədəniyyətini yaxından tanımağa dəvət edib.
Qeyd edək ki, sessiyanın birinci hissəsi “Tərəfdaşlıqdan birgə fəaliyyətə: süni intellekt dövründə mədəniyyətlərarası dialoq naminə qlobal qarşılıqlı fəaliyyətin gücləndirilməsi”nə həsr olunub.