Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondunun dəstəyi ilə “Nizami Gəncəvi irsi XXI əsr” simpoziumu və Nizami yaradıcılığına həsr olunmuş sərginin açılış mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, dünyanın əksər kitabxanalarında Nizami Gəncəvinin külliyyatı saxlanılır, müxtəlif dillərə tərcümə edilir.
Onun sözlərinə görə, Nizami Gəncəvi irsini qoruyub, gələcək nəsillərə çatdırmaq lazımdır: "Təsadüfi deyil ki, onun əsərləri bizə həyatın mənasının düsturunu yazmağa imkan verir. Doğruluq, Vətənə məhəbbət, yaxşı əməllərin əhəmiyyəti Nizami əsərlərində mühüm yer tutur. Biz fəxr etməliyik ki, bizim belə böyük şəxsiyyətlərimiz var. Nizami irsini qoruyub saxlamalı, gələcək nəsillərə çatdırmalıyıq. Bu simpoziumun da əsas məqsədi budur".
Simpoziumda çıxış edən millət vəkili Qənirə Paşayeva deyib ki, Nizami təkcə şair deyil, həm də böyük fikir adamı idi: "2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması dünyaya mesajdır. Nizamiyə uzanan əllər çoxdur. Bunun səbəbi də Nizami Gəncəvi yaradıcılığında böyük dəyərlərin aşılanmasıdır. Hər xalq istəyər ki, onun Nizami Gəncəvi kimi şəxsiyyətləri olsun. Uşaqlarımıza Nizami irsini daha geniş təbliğ etməliyik".
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, Nizami dövrünün digər şairlərindən fərqlidir: "Biz Nizamini hələ tam dərk etməmişik. Bunun subyektiv səbəbləri var. Çünki Nizami Gəncəvi yaradıcılığı bizə uzun illər sovet məktəbinin prizmasından öyrədilib. Qərb tədqiqatçıları ümumi olaraq belə deyirlər ki, Nizami insana, insan cəmiyyətinə ensiklopedik yanaşma edib".
Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov deyib ki, “Nizami Gəncəvi İli” bu gün dünyanın müxtəlif ölkələrində qeyd olunur: "Heydər Əliyev Fondu mədəni irsin qorunmasına, mədəniyyətin inkişafına böyük töhfələr verir. Tədbirin bu səviyyədə təşkili onu göstərir ki, Nizami yaradıcılığını, Azərbaycan ədəbiyyatını sevənlər çoxdur. Bu gün hər birimiz tarixin qürurlu və şanlı səhifələrini yaşayırıq. Azərbaycanın tarixi şəxsiyyətlərinə qiymət verən bu tip tədbirlərin keçirilməsi də təqdirəlayiq haldır".
Tədbir çıxışlarla və bədii kompozisiya ilə davam edib.