Bakı. Cavid Zeynalov - APA. 18 May - Beynəlxalq Muzeylər günü “İçərişəhər” və “Qala” qoruqlarında qeyd ediləcək.
APA-nın məlumatına görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən ənənəvi olaraq bu il də 18 May - “Beynəlxalq Muzeylər günü” münasibətilə bir sıra tədbirlər keçiriləcək.
Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi yeni muzey ekspozisiyaları ilk dəfə olaraq mayın 17-də - “Muzeylər Gecəsi”ndə “açıq qapı” formatında işləyəcək. Həmin saatlarda ziyarətçilər hər iki abidənin ərazisinə ödənişsiz daxil olaraq yeni muzey ekspozisiyaları ilə tanış ola biləcək.
Mayın 18-də gün ərzində “Beynəlxalq Muzeylər günü”nə həsr edilmiş tədbirlər davam edəcək. Həmin gün Şirvanşahlar Sarayı Kompleksinə təşrif buyuracaq ziyarətçilər İçərişəhərin muzey əməkdaşlarının əl işlərindən ibarət “İçərişəhər muzeylərinin vəhdəti” adlı sərgi ilə tanış ola biləcəklər.
İdarədən bildiriblər ki, 18 May - Beynəlxalq Muzeylər günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan edilib. Həmin gün Bakı sakinləri və şəhərin qonaqları İçərişəhərdə yerləşən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, habelə “Qala” Qoruğu ərazisində fəaliyyət göstərən muzey ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər.