Bakı – APA. Budapeştdə nəşr olunan populyar “Macar mətbəxi” jurnalı Azərbaycan mətbəxi haqqında xüsusi buraxılış hazırlayıb. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən xəbərə görə, məqalədə Azərbaycanın tarixi və coğrafi mövqeyi ilə bağlı qısa məlumat təqdim edilib, milli mətbəx nümunələrinin zənginliyi, süfrə mədəniyyəti, xalqımızın qonaqpərvərliyi və s. məsələlər müfəssəl şəkildə işıqlandırılıb.
Müəllif tərəfindən Azərbaycanın gözəl təbiətinin mədəni zənginliyə, mətbəx nümunələrinin çeşidliliyinə təsiri xüsusi vurğulanıb. Yazıda Azərbaycanda çay mədəniyyəti, çayın xüsusi hazırlanması qaydaları və süfrəyə gətirilməsi prosesi barədə də geniş məlumat verilib.
Qeyd edək ki, hər sayı maraqla qarşılanan bu jurnal oxucularını təkcə Macarıstanın deyil, həm də ayrı-ayrı ölkələrin kulinariya mədəniyyəti ilə yaxından tanış edir. Bu baxımdan jurnal özünəməxsusluğu, çoxçeşidliliyi və zənginliyi ilə tanınan Azərbaycan mətbəxinə dair xüsusi buraxılışın hazırlanmasında maraqlı olub.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevlə görüşündə jurnalın redaktoru, Macarıstan baş nazirinin xanımı Aniko Levai bildirib ki, son illər ölkələr arasında əlaqələrin genişlənməsi, habelə Azərbaycanın mədəniyyəti, mətbəxi, turizm imkanları ilə tanışlıq istəyi onda bu səfərin baş tutmasına marağı daha da artırıb. Bu məqsədlə xanım Levai mayın birinci ongünlüyündə Azərbaycanda səfərdə olub, Naxçıvan, Gəncə və Qəbələyə yollanıb, ölkə haqqında geniş və hərtərəfli məlumat əldə edib.