Moskva. Fərid Əkbərov - APA. Azərbaycan Dövlət Pantomim Teatrının kollektivi Moskvadakı “Teatr na Strastnom” teatr mərkəzinin səhnəsində çıxış ediblər. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tamaşadan öncə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan Dövlət Pantomim Teatrının Rusiya paytaxtına səfərini mühüm mədəni hadisə adlandırıb.
Səfir deyib ki, Rusiya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də uğurla davam edir: “Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli dəyərlərimizin qorunub saxlanması və inkişafına gündəlik qayğısı nəticəsində Azərbaycan mədəniyyəti və incəsənəti böyük uğurlar qazanır. Dövlət Pantomim Teatrının da bugünkü uğuru məhz bu qayğının nəticəsidir".
Daha sonra Azərbaycan Dövlət Pantomim Teatrının aktyorlarının ifasında Zaur Zeynalovun “Maska” tamaşası nümayiş olunub. Aktyorların çıxışları moskvalı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, tamaşa Azərbaycanın xalq artisti Bəxtiyar Xanızadə tərəfindən səhnələşdirilib. Tamaşanın quruluşçu rəssamı Qurban Məsimov, musiqi tərtibatçısı Elman Rəfiyevdir. Əsas rollarda əməkdar artist Nargilə Qəribova, Elnur İsmayılov, Bəhruz Əhmədli və Ceyhun Dadaşov çıxış ediblər.