Bakı. Cavid Zeynallı - APA. Azərbaycan prezidentinin mətbuat xidməti tərəfindən daimi saxlanılmaq məqsədilə 9 saxlama vahidi kino (video) sənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.
APA-nın məlumatına görə, kinosənədlər iyunun 3-dən 6-dək 21-ci dəfə Bakıda keçirilən Xəzər neft-qaz sərgisini və sərgidə prezident İlham Əliyevin çıxışını, Fransa prezidentinin Azərbaycana rəsmi səfərini, Vyetnam-Azərbaycan arasında dostluq, əməkdaşlıq əlaqələri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfərini, tədbirdə çıxışını əks etdirir.
Kinosənədlər həmçinin Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimini, dövlət başçısının Silahlı Qüvvələrin birgə hərbi təlimini müşahidə etməsini, hərbi qulluqçular qarşısındakı çıxışını, ATƏT-in Parlament Assambleyasının 23-cü plenar iclasını, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Çində keçirilən müşavirənin dördüncü Zirvə Toplantısında prezident İlham Əliyevin iştirakını və çıxışını ehtiva edir.
Hazırda qəbul edilmiş kino (video) sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənədin müfəssəl məzmunu və elmi-məlumat bazası hazırlanır.