İsmayıllı. Elvin Yaqubov - APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə noyabrın 13-də İsmayıllı və Şamaxı rayonlarında “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda dəyirmi masa keçirilib.
APA-nın yerli bürosunun xəbərinə görə 16 noyabr-Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmmdə Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Ceyhun Məmmədov, Bakı Slavyan Universitetinin kafedra müdiri İrina Kunina, yerli dini icmaların rəhbərləri, kənd icra nümayəndələri, təhsil işçiləri və gənclər çıxış ediblər.
Tədbirdə Azərbaycanda bu gün mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönələn və uğurla həyata keçirilən dövlət siyasətinin, multikulturalizm sahəsində əsrlərdən bəri toplanan böyük tarixi təcrübənin, qazanılan unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsinin zəruri olduğu qeyd edilib. Moderatorlar Azərbaycanın tarixən müxtəlif xalqların, millətlərin və din mənsubların birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olduğunu bildiriblər. Qeyd edilib ki, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Dövlətin din siyasətinin əsas məqsədi ölkədə dini durumun müsbət və münaqişələrdən uzaq məcrada inkişafı üçün əlverişli şəraitin yaradılmasından, həmçinin cəmiyyətdaxili sabitliyin möhkəmləndirilməsindən ibarətdir. Dövlətin din sahəsinə qayğısı, ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında xidmətləri, ölkə prezidenti İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirlər xüsusi vurğulanıb. Ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdə hər bir Azərbaycan vətəndaşı üçün tolerantlığın təkcə hüquqi vəzifə deyil, həm də mənəvi tələbat olduğu bildirilib. Qeyd edilib ki, ölkəmizdə tolerantlıq həm də dövlət siyasəti kimi həyata keçirilir. Nümunəvi tolerantlıq mühitinin formalaşmasında İslam dininin xüsusi rolu olub. Azərbaycanda tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalq və etnik qrupların öz varlığını qoruyub saxlamasına əlverişli mühit yaradıb. Çıxış edənlər Azərbaycandakı tolerantlıq mühitindən, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların dini etiqad azadlığının təmin olunmasından, dövlətin dini konfessiyalara münasibət və qayğısından danışıblar.