Bakı-APA. 8 sentyabr 2015-ci il tarixində Folklor İnstitutunda İnstitut rəhbərliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin rəhbərliyi arasında elmi və praktik sahədə əməkdaşlıq perspektivləri ilə bağlı görüş keçirilib.
Folklor İnstitutundan APA-ya verilən xəbərə görə, görüşdə Folklor İnstitutu ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması, konkret layihələr üzrə əməkdaşlıq müqavilələrin bağlanması, işçi qrupların yaradılması və s. məsələlər müzakirə edilib.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev indiyədək birgə həyata keçirilən işlərdən razılıq ifadə etmiş və bu əməkdaşlığın hər iki qurumun elmi-praktik fəaliyyəti üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.