Bakı. Şamil Əlibəyli-APA. Fransa səfirliyində bu ölkənin Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin Direktoru Erik Furnienin Azərbaycana səfəri münasibətilə «Bakou Francophones» Assosiasiyası və Fransız İnstitutunun təşkil etdiyi «Azərbaycan, kontrastlar ölkəsi» adlı fotosərginin özəl təqdimatı keçirilib. APA-nın məlumatına görə, sərgidə Azərbaycanda çalışan və fransız dilində danışan 9 qeyri-professional fotoqrafın əl işləri nümayiş olunub. Onlar fotolarında Azərbaycan və onun paytaxtı Bakının gözəl yerlərini, insanları və onların gündəlik həyatını əks etdiriblər.
Qonaqları Azərbaycan dilində qarşılayan Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bu sərginin təşkil olunmasından məmnunluq hissi keçirdiyini deyib: “Bu gün təqdim olunan fotoşəkillər təqribən 200 iş arasından seçilib. Fransa səfirliyində ilk təşkil etdiyim birinci sərgi Azərbaycanın Əməkdar Rəssamı Ülviyyə Həmzəyevanın sənəti ilə bağlı idi. O zaman dedim ki, ikinci sərgimiz cənab Erik Furnienin Bakıya səfəri və xarici qonaqların Azərbaycana baxışları ilə bağlı olacaq. Azərbaycanın incəsənət sahəsində çox gözəl ənənəsi vardır. Gələn il biz Azərbaycan gənc rəssamların sərgisini Fransa səfirliyində təşkil etməyə planlaşdırırıq və onlarla yanaşı fransız rəssamların da əsərləri nümayiş olunacaq. 2013-cü ildə Gəncə şəhərində Fransa ili elan olunacaq və buna görə əsərləri təqdim olunan rəssamlar arasında mütləq gəncəli rəssamlar da olacaq”.
Sərgidə Azərbaycanda yaşayan fransızlar, ictimaiyyət nümayəndələri və ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov da iştirak edib.