Bank Of Baku

IDEA-nın dəstəyi ilə Detroit Electric SP:01 idman avtomobilinin Avropada ilk təqdimat mərasimi keçirilib

IDEA-nın dəstəyi ilə Detroit Electric SP:01 idman avtomobilinin Avropada ilk təqdimat mərasimi keçirilib
# 18 iyun 2015 09:04 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. İyunun 17-də “Azərbaycan evi”ndə “Bakı-2015” I Avropa Oyunları çərçivəsində “GreenCar” və IDEA İctimai Birliyinin dəstəyi ilə Detroit Electric SP:01 idman avtomobilinin Avropada ilk təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə I Avropa Oyunlarında uğur qazanmış idmançılar səhnəyə dəvət olunublar. İdmançılar onlara göstərilən dövlət qayğısına görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, əldə etdikləri qələbələri bütün Azərbaycan xalqına həsr etdiklərini deyiblər.

 

IDEA İctimai Birliyinin nümayəndəsi Fərid Cəfərov bildirib ki, Azərbaycanda ətraf mühitin mühafizəsi və davamlı inkişafın təmin edilməsi dövlət siyasətinin prioritet istiqaməti hesab olunur. Qeyd edilib ki, IDEA İctimai Birliyinin bu sahədəki fəaliyyətinin əsas tərkib hissəsini ölkəmizdə “davamlı nəqliyyat” konsepsiyasının tətbiqi təşkil edir. “Davamlı nəqliyyat” və ya “yaşıl nəqliyyat” anlayışları bərpa olunan enerji mənbələri və yaxud insan gücü ilə çalışan nəqliyyat vasitələrini ehtiva edir.

 

IDEA İctimai Birliyinin və Azərbaycan Avtomobil Federasiyasının birgə dəstəyi ilə Azərbaycanda “GreenCar” adlı ilk elektrik nəqliyyat vasitələrinin satış və servis mərkəzi açılıb.

 

“Azərişıq” ASC-nin sədr müavini Sadıq Sadıqov Azərbaycanda ekoloji tarazlığın qorunması, elektroenergetika infrastrukturunda təhlükəsizliyin təmin olunması, ətraf mühitə zərər vurulmasının qarşısının alınması işinin təmsil etdiyi qurumun fəaliyyətinin prioritet istiqaməti olduğunu deyib. O, bildirib ki, “Azərişıq” ASC IDEA İctimai Birliyinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən layihələrə hər zaman dəstək verəcək.

 

Tədbirdə DETROİT şirkətinin Avropa və Orta şərq üzrə korporativ satış müdiri Niltje Byujs I Avropa Oyunlarının keçirildiyi bir zamanda Azərbaycanda olmaqdan məmnunluğunu bildirib, “GreenCar” MMC-nin nümayəndəsi Orxan Həbibov Detroit Electric SP:01 idman avtomobili haqqında danışıb.

 

Bildirilib ki, Azərbaycanda “CreenCar” şirkətinin distribüterliyi ilə təqdim olunan Detroit Electric SP:01 avtomobilinin Bakıdan sonra Avropanın müxtəlif şəhərlərində təqdimatı keçiriləcək. “Detroit Electric SP:01” ilk seriya ilə istehsal edilən tam elektrikli idman avtomobilidir. “SP:01” avtomobili 100 km/saat sürətə cəmi 3.7 saniyədə çatır və onun maksimal sürəti 250 km/saatdır.

 

2 yerlik, kabriolet tipli “Detroit Electric SP:01” idman avtomobili zəngin təchizatı və geniş imkanları ilə seçilir. 1907-cı ildə yaradılan “Detroit Electric” ilk elektrikli avtomobil istehsal edən şirkətdir. 2008-ci ildə “Detroit Electric”in qurucusu Albert Lam şirkətdə yeni nəfəs yaradaraq bu markanı bərpa edib və 5 ildən sonra “SP:01: avtomobilinin istehsalına başlayıb.

 

Sonra Detroit Electric SP:01 idman avtomobili təqdim olunub.

 

Tədbir konsert proqramı ilə və viktorina ilə davam etdirilib. Viktorinada qalib gələnlərə “GreenCar”dan hədiyyələr təqdim olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR