Bakı. Cavid Zeynallı – APA. IDEA İctimai Birliyinin dəstəyi ilə Bakıda enerji doldurma məntəqələrinin qurulmasına başlanılıb. APA-nın məlumatına görə, “GreenCar” MMC, “Azərişıq” ASC və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilən bu layihə çərçivəsində Bakı şəhərinin müxtəlif yerlərində və ölkəmizin bir sıra regionlarında müasir texnoloji vasitələrlə təmin olunan enerjidoldurma cihazları quraşdırılacaq.
İlk belə enerjidoldurma məntəqəsi Heydər Əliyev Mərkəzinin parkındakı parkinqdə istifadəyə verilib. Xüsusi proqram təminatı ilə idarə olunan enerjidoldurma aparatları ən son texnoloji yenilikləri özündə əks etdirir və elektrikli avtomobillərdə mövcud olan bütün şarjetmə standartlarını dəstəkləyir.
“GreenCar” MMC və IDEA İctimai Birliyinin dəstəyi ilə 2014-cü ildən ölkə ərazisində genişmiqyaslı innovativ-ekoloji layihələrin həyata keçirilməsinə başlayıb. Bu layihələrin əsas məqsədi ən son texnoloji yeniliklərin Azərbaycana gətirilməsi, ətraf mühitin innovativ metodlarla qorunmasına xidmət etmək, bununla da ölkə ərazisində ətraf mühitin mühafizəsi və sağlam ekoloji mühitin yaradılmasına dəstək göstərməkdir.
Təşkilatçılar bildiriblər ki, Azərbaycanda ilk dəfə olaraq “GreenCar” tərəfindən ekoloji baxımdan təmiz elektrik avtomobillərinə geniş miqyaslı keçidin tətbiqi, bu sahədə maarifləndirmə və təşviqatın aparılması ölkə ərazisində və ümumən regionda ekoloji durumun yaxşılaşdırılması istiqamətində daha bir töhfədir.
Qeyd edək ki, “GreenCar” MMC ətraf mühitin qorunmasında əvəzsiz olan vasitələrin - elektrik avtomobilləri, elektrik motosikletləri, elektrik velosipedləri və digər nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsini, eləcə də ekologiyanın qorunmasına xidmət edən layihələr həyata keçirir.