APA-nın “Mehr” agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə qərar İran Musiqi Evinin Direktorlar Şurası tərəfindən qəbul olunub. Təşkilatın mətbuat katibi Dariuş Pinyakan bildirib ki, artıq İranın UNESCO-dakı nümayəndəsi bu məsələ ilə bağlı etirazını rəsmiləşdirib. Bundan başqa vəziyyətlə bağlı İran Musiqi Evinin rəhbərliyini vaxtında məlumatlandırmadığına görə, İranın UNESCO-dakı nümayəndəsi məsuliyyətsizlikdə ittiham olunub. İran tərəfinin iddiasına görə, tar İranın cənubunda yaradılıb. İran tərəfi tarın UNESCO-da İran və Azərbaycan musiqi aləti kimi qeydiyyatdan keçirilməsini istəyir.
Qeyd edək ki, İran tar alətinin UNESCO-da Azərbaycanın musiqi irsi kimi qəbul edilməsinə etiraz etsə də, söhbət tarın Azərbaycan musiqi aləti kimi UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsindən getmir. UNESCO Azərbaycan tar ifaçılığı sənətini bu siyahıya daxil edib.
Tar aləti və tar ifaçılıq sənəti fərqli anlayışlar olduğundan, İranın etirazı əsassız sayıla bilər.