APA-nın məlumatına görə, konfransda Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev və şöbənin baş məsləhətçisi Elbəy Əli media nümayəndələrinin suallarını cavablandırıblar.
Qeyd olunub ki, Bakı İdman Sarayında təşkil olunacaq sərgi-yarmarkada Türkiyə, Rusiya, Özbəkistan, İran, Misir, Nigeriya, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Slovakiya, Serbiya, Moldova, Ukrayna, Belarus, Estoniya və Yunanıstandan nəşriyyat və poliqrafiya müəssisələri, digər müvafiq qurumlar iştirak edəcək.
100-dən artıq yerli nəşriyyat və bu sahəyə bağlı olan digər qurumlar sərgidə iştirak üçün qeydiyyatdan keçiblər. Nazirliyin artıq 4-cü dəfə təşkil etdiyi sərgidə nəşriyyatlar müstəqil şəkildə tədbirlər təşkil edəcək, oxucu və yazıçıların görüşünü keçirəcəklər.
V. Quliyev qeyd edib ki, sərgidə nazirliyin dəstəyi ilə nəşr olunan lüğətlər, ensiklopediyalar, yeni nəşrlər sərgilənəcək. Şöbə müdirinin sözlərinə görə, şəhərin müxtəlif yerlərində daimi yarmarkaların keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə yeni layihə və təkliflər irəli sürülüb.