Bakı. Cavid Zeynallı – APA. İyunun 12-də Luvr muzeyinin Karusel qalereyasındakı “Art Shopping“ festivalında Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb.
APA-nın “AzərTac”a istinadən verdiyi məlumata görə, sərgini açılış mərasimində çıxış edən qalereyanın direktoru Miryam Anone-Kastane festival çərçivəsində bir çox ölkələrin rəssamları ilə yanaşı, Azərbaycanı təmsil edən Məryəm Ələkbərlinin də fərdi sərgisinin açıldığını deyib.
İncəsənət tarixçisi və sərginin təşkilatçısı xanım Janett Zvinjenberjer Məryəmin sərgidə nümayiş etdirilən əsərlərinin əsas məziyyətlərindən danışıb. O bildirib ki, istedadlı rəssam muğam musiqisini dinləyərkən keçirdiyi hissləri rəsm əsərlərində tamaşaçılara çatdırmaqla mahir fırça ustası olduğunu bir daha sübut edib.
Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşı Ayaz Qocayev Məryəm Ələkbərlinin əsərlərinin tamaşaçılarda böyük rəğbət oyadacağına, onlara bəşəri hisslər aşılayacağına əminliyini ifadə edib.
A.Qocayev bildirib ki, Məryəmin əsərlərindən ibarət sərgilər Almaniyada, İtaliyada, Rusiyada, Türkiyədə, Litvada və Fransada müvəffəqiyyətlə nümayiş etdirilib.
Məryəmin yaradıcılığından və rənglər dünyasından bəhs edən rəsm müəllimi Lük Qotye onun tablolarında müxtəlif rənglərin mövzular üzrə seçildiyini, bu seçimin gənc rəssamın artıq istedadlı bir rəssam kimi yetişdiyini, Məryəmin sərgidə nümayiş etdirilən 46 tablosunun istər mövzu, istərsə də rənglər baxımından biri-birindən tamamilə fərqləndiyini diqqətə çatdırıb.
İyunun 15-dək davam edəcək sərginin açılışında Azərbaycan musiqisi səslənib.