Bank Of Baku

Müəllif Hüquqları Agentliyi: “Sənə qurban” mahnısının erməni mahnısı kimi təqdim olunması oğurluğun növbəti nümunəsidir

Müəllif Hüquqları Agentliyi: “Sənə qurban” mahnısının erməni mahnısı kimi təqdim olunması oğurluğun növbəti nümunəsidir
# 29 may 2014 14:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Müəllif Hüquqları Agentliyi “Sənə qurban” mahnısının erməni mahnısı kimi təqdim olunması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlara aydınlıq gətirib. MHA-dən APA-ya verilən açıqlamada bildirilib ki, son günlər kütləvi informasiya vasitələrində sözləri Mikayıl Müşfiqə, musiqisi Ələkbər Tağıyevə məxsus (ifaçı Zeynəb Xanlarov) “Sənə qurban” mahnısının erməni əsilli İran-ABŞ pop ifaçısı Andranik Madadyan tərəfindən “Garun” (Bahar) adı ilə erməni mahnısı kimi ifa olunması barədə məlumatlar yayılıb. Agentlik tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, A. Madadyanın ifa etdiyi “Garun” (Bahar) mahnısının melodiyası ilə “Sənə qurban” adlı Azərbaycanın bəstəkar mahnısının melodiyası üst-üstə düşür. “Sənə qurban” adlı mahnı tanınmış Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin ən məşhur mahnılarından biridir.

 

Mahnının sözləri görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin 1937-ci ildə yazdığı eyniadlı şeirinə bəstələnib. Mahnını ilk dəfə 1968-ci ildə Azərbaycanın xalq artisti Zeynəb Xanlarova ifa edib. Bəstəkar Ə. Tağıyevin “Sənə qurban” mahnısı (sözlərin müəllifi kimi Mikayıl Müşfiqin adı göstərilib) 1978-ci ilin 10 iyun tarixində Müəllif Hüquqları Agentliyində (agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata (uçota) alınıb. Z. Xanlarovanın ifa etdiyi “Sənə qurban” mahnısı 1968-ci il 26 dekabr tarixində Azərbaycan radiosunun “Qızıl fondu”na daxil edilib.

 

Göründüyü kimi, bütün arxiv sənədləri “Sənə qurban” mahnısının Azərbaycan müəlliflərinə məxsus olduğunu göstərir. Azərbaycanın xalq artisti Z. Xanlarova xarici ölkələrdə, o cümlədən Ermənistan da daxil olmaqla keçmiş SSRİ-nin hər bir respublikasında qastrol səfərlərində olarkən bu mahnını dəfələrlə ifa edib. Erməni əsilli ifaçı A. Madadyan isə Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sənə qurban” mahnısını mənimsəyərək onun sözlərini dəyişib və izi itirmək məqsədilə “Garun” (Bahar) adı ilə oxuyub. Z. Xanlarovanın ifasında bir çox xarici ölkələrdə məşhurlaşan “Sənə qurban” mahnısının melodiyası hətta Suriya müxalifətçilərinin himninə də çevrilib. Qeyd edilən fakt uzun illərdən bəri davam edən erməni ədəbi və musiqi oğurluğunun növbəti bir nümunəsidir. Bu da “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının tələblərini pozulması deməkdir. Məsələ ilə əlaqədar müvafiq tədbirlər görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR