Bakı. Cavid Zeynallı - APA. Opera və Balet Teatrı yeni teatr mövsümünə Cakomo Puççininin “Manon Lesko” operasının premyera ilə başlayacaq. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tamaşa sentyabrın 23-də Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq.
Tamaşada əməkdar artisti Afaq Abbasova (Manon Lesko), xalq artisti Samir Cəfərov (Kavaler de Qrie), əməkdar artist Əkrəm Poladov (Qeront), solistlər Anton Ferştandt (Lesko), Əliəhməd İbrahimov (Edmondo) və Atəş Qarayev (Fənərçi) çıxış edəcəklər.
Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysterlər Vəfa Əzizova və Roza Səlimovadır.
Opera ilk dəfə 1893-cü ildə Turində səhnəyə qoyulub. Operanın librettosunu Antuan Fransua Prevonun “Kavaler de Qrie və Manon Leskonun məhəbbət tarixçəsi” kitabının motivləri təşkil edir.
Dünya opera sənətinin incilərindən sayılan “Manon Lesko” operası hazırda dünyanın bir çox aparıcı teatrlarının repertuarında yer alıb.