İlham Əliyev: “Türkiyə-Azərbaycan münasibətləri regionda gedən proseslərə müsbət mənada çox ciddi təsir göstərir”

İlham Əliyev: “Türkiyə-Azərbaycan münasibətləri regionda gedən proseslərə müsbət mənada çox ciddi təsir göstərir”
# 05 noyabr 2008 15:28 (UTC +04:00)
Bakı. Mayis Əlizadə - APA. Türkiyədə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Abdulla Gül arasında təkbətək görüş olub. APA-nın Türkiyə bürosunun məlumatına görə, görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib. Danışıqlardan sonra prezidentlər mətbuat qarşısına çıxıblar. Türkiyə prezidenti A. Gül İ. Əliyevin yenidən prezident seçiləndən sonra ilk xarici səfərini Türkiyəyə etməsinin sevindirici olduğunu deyib. O, azərbaycanlı həmkarı ilə Qafqazdakı sabitlik və təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi sahəsində əməkdaşlıq, habelə ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı məsələləri müzakirə etdiklərini bildirib.

Abdulla Gül Qafqazda yeni durumun yarandığını qeyd edib: “Qafqaz ölkələri bu regionda olan problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır. Qafqazda başlayan yeni dönəmdə Türkiyənin rolu vacibdir”.

A. Gül Moskvada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imzalanan bəyannaməni alqışladıqlarını da deyib.

Öz növbəsində, İ. Əliyev ikinci dəfə prezident seçiləndən sonra ilk rəsmi səfərini Türkiyəyə etdiyini bildirib: “Bu bizim aramızda olan münasibətlərin nə qədər yüksək səviyyədə olduğunu göstərir. Türkiyə-Azərbaycan ikitərəfli münasibətləri Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yaranıb. Amma ondan əvvəl də bizim xalqlarımız əsrlər boyu bir yerdə yaşayıb yaradıb, bir-birinə dəstək olub”.

Dövlət başçısı Türkiyə-Azərbaycan münasibətlərinin sürətlə inkişaf etdiyini vurğulayıb: “Gələcək illərdə də bu gözəl dinamikanı saxlayacaq, bütün sahələrdə əlaqələri daha gücləndirəcəyik. Biz bu əməkdaşlıqdan çox məmnunuq”.

Azərbaycan prezidenti bu gün müzakirə etdikləri məsələlərin həm ikitərəfli gələcək perspektivlərə təkan verəcəyini, həm də bölgədəki vəziyyətə müsbət təsir göstərəcəyini qeyd edib: “Bu gün Türkiyə-Azərbaycan münasibətləri regionda gedən proseslərə müsbət mənada çox ciddi təsir göstərir. Bizim bütün birgə təşəbbüslərimiz bölgədə sülhün möhkəmlənməsinə, əməkdaşlığın dərinləşməsinə və sabitliyin tam bərqərar olmasına xidmət göstərir”.

İ. Əliyev əlavə edib ki, Türkiyə-Azərbaycan münasibətləri konkret layihələrlə zənginləşdirilib: “Enerji, nəqliyyat layihələri bizim təşəbbüsümüzlə baş verib. Bütün bunları etmək üçün böyük səylər göstərilib. Çox mürəkkəb geosiyasi vəziyyətdə biz bunu bacardıq. Bu onu göstərir ki, qarşımıza qoyduğumuz bütün məsələləri birgə səy, birgə iradə və Türkiyə-Azərbaycan qardaşlığı əsasında həll edirik. Bu layihələr gələcəkdə həm yeni imkanlar açacaq, həm iqtisadi mənfəət gətirəcək, eyni zamanda bölgədə əməkdaşlığın dərinləşməsinə təkan verəcək. Bu məsələlərlə bağlı bizim aramızda fikir ayrılığı yoxdur”.
Azərbaycan prezidenti görüşdə eyni zamanda beynəlxalq məsələlərin də geniş müzakirə olunduğunu qeyd edib.

Prezidentin Türkiyəyə səfəri davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR