Eynulla Fətullayevin Hüquqlarının Müdafiə Komitəsi keçirəcəyi mitinqin yerini və vaxtını hələlik müəyyənləşdirməyib

Eynulla Fətullayevin Hüquqlarının Müdafiə Komitəsi keçirəcəyi mitinqin yerini və vaxtını hələlik müəyyənləşdirməyib
# 24 aprel 2007 09:54 (UTC +04:00)
“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin Hüquqlarının Müdafiə Komitəsi keçirəcəyi mitinqin vaxtını hələlik müəyyənləşdirməyib. Bu barədə APA-ya komitənin rəhbəri, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan bürosunun rəhbəri Arzu Abdullayeva məlumat verib. Mitinqin keçirilməsi ilə bağlı müzakirələrin davam etdiyini bildirən A. Abdullayeva komitənin hələlik piketlərlə bağlı konkret qərarlar verdiyini bildirib. Belə ki, komitə mayın ilk günlərində Sabir Bağında daha bir piket, mayın 3-də isə baş redaktorun həbsi ilə bağlı dəyirmi masa keçirmək niyyətindədir.
“Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu isə APA-ya bildirib ki, mitinqin vaxtı ilə bağlı müxtəlif təkliflər olduğundan hələlik bu barədə konkret qərar verilməyib. Aksiyanın yerinə gəldikdə, Çobanoğlu bu məsələdə hər hansı fikir ayrılığının olmadığını vurğulayıb: “Bu, jurnalistlərin müdafiəsi ilə bağlı olan aksiyadır. Ona görə də komitəyə daxil olan siyasi partiyalar bu məsələdə ümumi mövqe nümayiş etdirəcək. Onlar yalnız özlərinin təyin edəcəkləri aksiyalarda fərqli mövqe nümayiş etdirə bilərlər”. Ş. Çobanoğlu komitənin növbəti iclasında mitinqin yerinin və vaxtının müəyyənləşəcəyini bildirib.
Qeyd edək ki, komitənin ilk iclasında aksiyanın yeri ilə bağlı komitənin üzvü olan partiyalar arasında fikir ayrılığı yaranmışdı. Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin ayırdığı yerlərdə, AXCP rəhbərliyi isə şəhərin mərkəzində mitinq keçirilməsini vacib saymışdı. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR