“Şimal xəbərləri” qəzetinin baş redaktoru Xaçmaz prokuroru tərəfindən dindirilib

“Şimal xəbərləri” qəzetinin baş redaktoru Xaçmaz prokuroru tərəfindən dindirilib
# 11 may 2007 12:11 (UTC +04:00)
”Şimal xəbərləri” qəzetinin baş redaktoru Cəmil Məmmədliyə qarşı edilən hücumla əlaqədar toplanmış materiallar Xaçmaz Rayon Polis Şöbəsinin istintaq idarəsinə verilib. Bu barədə APA-nın şimal bürosuna Xaçmaz rayon prokurorunun müavini Fərahim Hüseynli verib. O, ətraflı məlumat verməsə də, istintaqın obyektiv aparılacağını söyləyib. Mayın 8-də isə baş redaktor və ona hücum etməkdə ittiham olan Xudat şəhər sakinləri Rahib və Rəfael İsrafilov qardaşları rayon prokuroru Rasim Məlikov tərəfindən dindiriliblər. APA-nın şimal bürosuna Cəmil Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsindən verilən xəbərdə bildirilir ki, rayon prokuroru Rasim Məlikova təhqiqatı şəxsi nəzarətinə götürmək xahişi ilə müraciət olunub. Bakıdakı hüquq-müdafiə, jurnalist qurumları, beynəlxalq təşkilatlar da baş vermiş hadisə ilə maraqlanır və prosesi nəzarətdə saxlayırlar. Yaxın günlərdə müdafiə komitəsinin geniş yığıncağı keçiriləcək.
Qeyd edək ki, mayın 6-da gecə saatlarında Xudat şəhərində “Şimal xəbərləri” qəzetinin baş redaktoru, “Qanun Naminə” İctimai Birliyi təşəbbüs qrupunun sədri Cəmil Məmmədli evə qayıdarkən bir neçə nəfərin hücumuna məruz qalıb. Polisin hadisə yerinə təsadüfən gəlməsi nəticəsində hücum edənlər C. Məmmədliyə ciddi xəsarət yetirə bilməyiblər. Araşdırmalar zamanı basqınçıların “Vaska” ləqəbli Rahib və “Rafka” ləqəbli Rəfael İsrafilov qardaşları olduğu müəyyənləşib. Baş redaktor bu hücumu onun jurnalist və ictimai təşkilatın rəhbəri kimi göstərdiyi fəaliyyətlə əlaqədar olduğu barədə polisə izahat verib. Onun dediyinə görə, son vaxtlar Xudat şəhərindəki əxlaqsızlıq yuvalarından biri ilə bağlı araşdırmalar aparıb və bəzi tədbirlərdə açıqlamalar verib: “Rahib və Rafael İsrafilov qardaşlarının adının əxlaqsızlıq yuvası kimi hallandırılan restoranla birbaşa bağlılığı hadisənin mənim peşə fəaliyyətimlə bağlı olması qənaətinə gəlməsinə ciddi əsas yaradır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR