Bir qrup hüquq müdafiəçisi Elnur Seyidovla bağlı beynəlxalq təşkilatlara müraciət edib

Bir qrup hüquq müdafiəçisi Elnur Seyidovla bağlı beynəlxalq təşkilatlara müraciət edib
# 19 noyabr 2012 15:11 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Azərbaycanda fəaliyyət göstərən bir qrup hüquq müdafiəçisi və ictimai təşkilat rəhbəri “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini, AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovla bağlı Avropa Şurası İnsan Hüquqları üzrə Komissarı Nils Muiznieksə, Avropa Şurası Parlament Assambeleyasının siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserə, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin başçısı Roland Kobiaya, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqaya müraciət edib.

APA-nın məlumatına görə, müraciətdə E.Seyidovun ittiham olunmasının səbəbləri, səhhətindəki problemlərə diqqət yönəldilərək, onun heç bir siyasi mənsubiyyəti olmadığı qeyd olunub: “Elnur Seyidov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. O, həbs edilən gündən indiyədək Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılır. Belə bir xəstəlikdən əziyyət çəkən şəxsin qapalı yerdə saxlanılması onun həyatı üçün təhlükəlidir”.

Müraciətdə qeyd olunub ki, E.Seyidov heç bir siyasi partiyanın üzvü deyil və siyasi fəaliyyətlə məşğul olmayıb.

Müraciətdə həmçinin “Texnikabank”ın Yasamal filialının digər əməkdaşlarının, o cümlədən “Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyevin artıq sərbəst buraxıldığı da diqqətə çatdırılır.

Müraciətdə E.Seyidovun azadlığa buraxılmasını labüd hesab edən beynəlxalq qanunvericiliyin mövcudluğu da qeyd olunub: “13 iyun 2012-ci ildə Seyidovun barəsində seçilmiş həbs-qətimkan tədbiri ilə bağlı qərarın dəyişdirilməsi üçün onun vəkilləri Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət göndəriblər. Araşdırmalar zamanı məlum olub ki, Seyidovun xəstəliyi barədə avqustda AİHM-ə göndərilən sənədlər yoxa çıxıb və poçt vasitəsilə AİHM-in mənzil-qərargahına yetişməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR