Penitensiar Xidmət: Nemət Pənahlının məhkumlara işgəncə verilməsi barədə mətbuata verdiyi məlumatlar həqiqətə söykənmir

Penitensiar Xidmət: Nemət Pənahlının məhkumlara işgəncə verilməsi barədə mətbuata verdiyi məlumatlar həqiqətə söykənmir
# 20 dekabr 2012 15:30 (UTC +04:00)

Bakı-APA. “Məhkum Nemət Pənahlının dekabrın 6-da 17 saylı cəzaçəkmə müəssisəsində məhkumlara kütləvi şəkildə işgəncə verilməsi ilə bağlı mətbuata verdiyi məlumatlar heç bir həqiqətə söykənmir”. Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumatda bildirilir.

Məlumatda qeyd olunub ki, bir sıra kütləvi informasiya vasitələrində guya dekabrın 6-da 17 saylı cəzaçəkmə müəssisəsində məhkumların kütləvi surətdə işgəncəyə məruz qalmaları barədə məhkum Nemət Pənahlının böhtan xarakterli məlumatı dərc olunub: “Təəssüflər olsun ki, bir qrup məhkumun cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozmağa yönəlmiş cəhdi Nemət Pənahlının heç bir reallığa əsaslanmayan fərziyyələri şəklində bəzi kütləvi informasiya vasitələrində özünə yer tapıb. Qeyd olunmalıdır ki, cəzaçəkmə müəssisələrinin kriminal aləmin qanunlarına uyğun idarə edilməsinə nail olmaq məqsədilə hələ də ayrı-ayrı məhkumlar tərəfindən cəhdlər göstərilir. Cəzaçəkmə müəssisələrinin Daxili intizam qaydalarının kobud surətdə pozulması və məhkumların hüquqlarının tapdalanması ilə müşayiət olunan belə cəhdlərin qarşısı isə Penitensiar xidmət tərəfindən dərhal və qətiyyətlə alınır. Dekabrın 6-da 17 saylı cəzaçəkmə müəssisəsində də cinayətkar aləmin adət - ənənələrinə riayət etməyə çalışan bir qrup məhkum digər məhkum kütləsini daxili intizam qaydalarını pozmağa, əməkdaşların qanuni tələblərinə itaətsizliyə çağırıblar. Bu da öz növbəsində məhkumların ciddi narazılığına səbəb olub və onlar qanuna zidd hərəkətlərə yol verilməsindən qəti surətdə imtina ediblər. Belə olan təqdirdə bir qrup mənfi xarakterizə olunan məhkumlar rejim qaydalarına riayət edən digər cəza çəkənlərə hücum etmiş və onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər”.

Qeyd olunub ki, Penitensiar xidmət rəhbərliyinin göstərişinə əsasən xidmətin əməliyyat aparatı tərəfindən “Azərbaycan Respublikasının Penitensiar sistemində təhlükəsizlik tədbirləri və onların tətbiq edilmə qaydaları haqqında Təlimat”ın tələblərinə tam müvafiq olaraq təhlükəsizlik tədbirləri həyata keçirilib və müəssisənin normal iş ahəngi qısa müddət ərzində bərpa edilib. Məlumata görə, baş verənlərlə bağlı prokurorluq orqanları tərəfindən qanuna zidd hərəkətlərə yol vermiş məhkumlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə (Cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozma) cinayət işi başlanılıb, istintaq aparılır: “Keçirilmiş tədbir zamanı Penitensiar xidmətin əməkdaşları tərəfindən məhkumların şəxsiyyətini alçaldan, qeyri-insani və ya xalqımızın adət-ənənələrinə xələl gətirən heç bir hərəkətə yol verilməyib. Nemət Pənahlının cəfəng fərziyyələrinin əksi olaraq, həyata keçirilmiş tədbir hüquqları bərpa edilmiş məhkum kütləsi tərəfindən razılıqla qarşılanıb. Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinin pozulmasına yönəlmiş bütün cəhdlərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR