Azərbaycanda liman kapitanları və gəmilərin nəzarət yoxlamasını təşkil edəcək, bələdçi xidməti göstərəcək qurum müəyyənləşib

Azərbaycanda liman kapitanları və gəmilərin nəzarət yoxlamasını təşkil edəcək, bələdçi xidməti göstərəcək qurum müəyyənləşib
# 01 iyun 2014 07:43 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi Dövlət Dəniz Administrasiyasının strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Nizamnaməsi, strukturu təsdiqlənib, işçilərinin say həddi 135 vahid müəyyənləşdirilib, Mərkəzin müasir avadanlıq və vasitələrlə təmin edilməsi və 2014-cü ilin sonunadək cari fəaliyyətinin təşkili məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasına 2 milyon 565 min 265 manat məbləğində vəsait ayrılıb. Nizamnaməyə əsasən hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 2B. olacaq Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və Mərkəzin adı göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara, emblem, loqotip və digər fərqləndirici nişanlara malikdir. Mərkəzin əməkdaşlarının xidməti geyim forması var. Mərkəzin əsas məqsədi Administrasiya tərəfindən təşkil olunan dəniz üzgüçülüyünün təhlükəsizlik sisteminin fəaliyyətinin təmin olunmasından, gəmilərin nəzarət yoxlamasının və liman kapitanlarının fəaliyyətinin səmərəli təşkilindən, bələdçi xidmətinin göstərilməsindən və dəniz üzgüçülüyündən naviqasiya təminatının həyata keçirilməsindən ibarətdir.

Mərkəz bu məqsədlərə uyğun olaraq Azərbaycan ərazisində yerləşən limanlarda liman kapitanlarının və gəmilərin nəzarət yoxlamasını həyata keçirən müfəttişlərin işini təşkil edəcək, limanlarda bələdçi xidməti göstərəcək, gəmilərin bələdçi ilə keçirilməsinin məcburi və məcburi olmayan rayonlarının müəyyən edilməsinə dair təkliflər verəcək, Azərbaycan ərazi sularında dəniz üzgüçülüyü qaydalarına əməl edilməsinə nəzarət olunmasında, gəmilərin üzmə rejiminə riayət olunmasına nəzarətin həyata keçirilməsində iştirak edəcək. Eyni zamanda Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzin dəniz üzgüçülüyünün təhlükəsizlik sisteminin təşkilində iştirak edəcək, liman kapitanlarının, dəniz bələdçilərinin və gəmilərin nəzarət yoxlamasını həyata keçirən müfəttişlərin hazırlanması və ixtisaslarının artırılması, gəmilərin nəzarət yoxlaması və yoxlamaların nəticələrinə dair məlumatların mərkəzləşdirilmiş qaydada qeydə alınması, bununla bağlı elektron məlumat bazasının yaradılması və işlək vəziyyətdə saxlanılması məqsədi ilə tədbirlər görəcək, gəmilərin nəzarət yoxlaması zamanı aşkar olunan çatışmazlıqların təhlilinin aparılması və həmin çatışmazlıqların aradan qaldırılması məqsədi ilə təkliflər hazırlayacaq və Dövlət Dəniz Administrasiyasına təqdim edəcək, Administrasiyanın dəniz üzgüçülüyünün təhlükəsizliyinə dair sərgilərdə, konfranslarda və digər tədbirlərdə iştirakına dair materialların hazırlanmasını təşkil edəcək, dənizdə gəmilərdə baş vermiş qəza hadisələrinin araşdırılmasında iştirak edəcək, dəniz nəqliyyatı sahəsində qanunvericiliyə uyğun olaraq, gəmilərin hərəkətinin idarəetmə xidmətinin fəaliyyətini təşkil edəcək.

Mərkəz gəmilərin və üzən vasitələrin Azərbaycan ərazi sularında və uzaq məsafədən müşahidəsini də həyata keçirməli, dövlət orqanlarını dəniz üzgüçülüyünün təhlükəsizliyinə dair məlumatlarla təmin etməli, gəmilərə çağırış siqnallarının, gəmi radiostansiyasının fərdi çağırış nömrələrinin və gəmi peyk rabitə stansiyasının identifikasiya nömrələri daxil olmaqla, müvafiq sənədlərin verilməsi üçün zəruri tədbirlər görülməsində iştirak etməli, dəniz yollarında naviqasiya təminatını həyata keçirməli, Administrasiyanın göstərişləri əsasında, Azərbaycanın Xəzər dənizinin axtarış-xilasetmə məsul sektorunda dənizdə qəzaya uğramış insanların axtarışı və xilası üçün Azərbaycan və xarici dövlətlərin dəniz və aviasiya qəza-xilasetmə xidmətləri tərəfindən zəruri tədbirlərin həyata keçirilməsində iştirak etməlidir. Gəmi və dəniz nəqliyyatının digər obyektləri ilə kriptoqrafik rabitənin təşkilində iştirak etmək, lövbər dayanacaqlarında gəmilərin vəziyyətlərinə nəzarət etmək, gəmilərə naviqasiya, meteoroloji, əməliyyat və digər məlumatların ötürülməsini təmin etmək, Azərbaycanın ərazi sularında dəniz üzgüçülüyünün təhlükəsizliyi və dəniz mühitinin mühafizəsi qaydalarını pozan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün sənədləri hazırlayır və Administrasiyaya təqdim etmək, gəmilərə dənizdə yaranmış təhlükəli vəziyyətlərdən çıxılması üçün məsləhət və tövsiyələr vermək, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə gəmilərin hərəkətinin dayandırılmasına dair qərar qəbul edilməsi barədə Administrasiyaya təklif vermək, gəmilərin hərəkətinin idarə edilməsi və qlobal dəniz fəlakəti əmniyyətli rabitə sistemi üzrə mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması ilə bağlı hazırlıq kursları təşkil etmək, dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə dəniz üzgüçülüyünün təhlükəsizliyi və bu Nizamnamə ilə müəyyən edilmiş digər fəaliyyət istiqamətləri üzrə xidmətlər göstərmək, keyfiyyət standartlarının tətbiqi ilə əlaqədar sertifikatlaşdırılmadan keçmək üçün tədbirlər görmək, gəmilərin hərəkətinin müasir idarəetmə sistemlərinin və rabitə xidmətlərinin təşkil olunmasında, dənizdə batmış üzmə vasitələrinin (əmlakı ilə birlikdə) çıxarılması ilə əlaqədar təkliflər verir, habelə həmin əmlakın çıxarılmasının təşkilində və onun mühafizə olunması üçün tədbirlərin görülməsində iştirak etmək, Azərbaycanın ərazi sularında naviqasiya avadanlıqlarının işlək vəziyyətdə olmasına nəzarəti həyata keçirmək, kanallarda, farvaterlərdə, lövbər dayanacaqlarında və dəniz üzgüçülüyü məqsədləri üçün istifadə edilən digər dəniz ərazilərində dərinliyin ölçülməsində, ixrac neft və boru kəmərlərinin və onların infrastruktur obyektlərinin, sualtı kabellərin, habelə dövlət əhəmiyyətli digər obyektlərin təhlükəsizliyinin təmin olunmasında iştirak etmək də Mərkəzin səlahiyyətlərinə daxildir.

Mərkəzə Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edəcək. Direktorun Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinləri olacaq. Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin strukturuna Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Aparatı, Liman Nəzarəti Müfəttişliyi Xidməti, Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi və Bələdçi Xidməti daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR