Hadı Rəcəbli: “Heydər Əliyev öz siyasət məktəbinin məzunlarının hamısının tərcümeyi-halını detallarınadək yadda saxlayan dahi idi”

Hadı Rəcəbli: “Heydər Əliyev öz siyasət məktəbinin məzunlarının hamısının tərcümeyi-halını detallarınadək yadda saxlayan dahi idi”
# 12 dekabr 2012 09:05 (UTC +04:00)

“Böyük məktəbin unudulmaz dərsləri” silsiləsindən birinci dərs

Bakı-APA. “Lent.az” portalında Milli Məclisinin sosial siyasət komissiyasının sədri, millət vəkili Hadı Rəcəblinin “Böyük məktəbin unudulmaz dərsləri” adlı müəllif yazısı dərc olunub. APA həmin yazını təqdim edir.


“Mən Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi və təkrarolunmazlığını ümumiləşdirərkən onun xarakterik obrazını özümün bir siyasət, dövlət Adamı olaraq yetişdiyim və uzun illəri onunla təmasda olduğum, həyatımı əhatə edən mərhələlərdə verməyə çalışacağam. Odur ki, Heydər Əliyev dühası ilə ilk şəxsi görüşümün tarixinə bir az uzaqdan gəlmək istəyirəm.

Seçim ustası, insan sərrafı

1970-ci il idi. Heydər Əliyevin seçib Lənkərana yenicə şəhər partiya komitəsinə birinci katib tövsiyə etdiyi, onun yaxşı tanıdığı, uzun müddət Naxçıvanda komsomolda işləyən İsa Məmmədov rayonla tanış olur, müəssisələrə gedirdi. İstirahət günü idi, zavodun rəhbərliyi yerində yox idi. Səliqəli geyimli bir kişi həyət darvazasından içəri girdi. Zavodla maraqlanan bu adamla müəssisə haqqında çox sərbəst danışmağa başladım, istehsalla və digər məsələlərlə əlaqədar öz təkliflərimi və fikirlərimi bildirdim, onunla diskussiyaya girdim. Həmin Adam mənə çox təəccüblə baxırdı ki, bu nə qədər ürəkli adamdır ki, rayon rəhbəri ilə belə danışır. Bu görüşdən bir həftə sonra komsomolun bir tədbirində çıxış etdim və İsa müəllim məni orada təkrar gördü. Müəssisədəki nüfuzuma və ictimai işlərə xüsusi marağıma görə məni zavodun ilk komsomol təşkilatının katibi, sonra isə həmkarlar komitəsinə sədr seçmişdilər, rayon komsomol komitəsi ali orqanının üzvü idim.

Sonradan komsomolun ikinci katibliyinə namizəd axtarırdılar və mənim sənədlərim bir neçə digər şəxsin sənədləri ilə birlikdə Bakıya göndərildi. Beləliklə, mən Lənkəran şəhər Komsomol Komitəsinə ikinci katib seçildim və qısa müddətdən sonra məni ordu sıralarına apardılar.

Biz gördük ki, cəmiyyətdə daha çox zəhmət çəkən Adam barəsində onun sosial mənşəyinə fərq qoyulmadan ədalətli seçim var.

Heydər Əliyevlə ilk görüşüm məndə çox böyük, həyat fəaliyyətimin istiqamətini birdəfəlik müəyyən edən bir təəssürat yaratdı Mən ilk dəfə 1972-ci il iyulun 4-də Heydər Əliyevin qəbulunda oldum və kasıb bir ailədən çıxmış, vəzifədə heç bir qohumu olmayan 24 yaşında bir gənc kimi Lənkəran şəhər Komsomol Komitəsinin birinci katibliyinə tövsiyə olunmuşdum. Yüksək vəzifəyə təyinatımın sevinci nə qədər böyük olsa da, məni valeh edən heyrətli və ibrətamiz təəssürat Heydər Əliyev şəxsiyyətinin ecazkarlığı idi. Mən həmin qəbulu quru, sxematik bir görüş təsəvvür edirdim, lakin canlı, hətta doğma və sərbəst mühitdə keçən bir söhbətin şahidi oldum. Qəbulunda olan şəxslərlə, xüsusilə də gənclərlə dərhal dil tapıb, respublika rəhbəri vəzifəsinin ümumi xarakterik aurasından doğan sıxıntını dəf etmək, söhbəti sərbəst, lakin çox məhsuldar və işgüzar məcraya yönəltmək bacarığı onun nə qədər dərin psixoloji istedada malik olduğunun nümunəsi idi. O görüşdə mənə verilən tövsiyələr, onun yaratdığı şərait, mənim onunla fikir mübadiləsi imkanlarım Heydər Əliyev məktəbinin elə birinci dərsi idi. Bu dərslər istər onunla sonradan dəfələrlə şəxsi görüşlərim, istər qurultay, plenum və konfranslardakı çıxışları, istərsə də verdiyi göstərişləri ilə bu BÖYÜK MƏKTƏBİN təkrarolunmaz və əvəzedilməz tədrisində ömrüm boyu davam edən ibrətamiz həyat universiteti idi.

Ali Partiya Məktəbində oxumaq arzum həyata keçdi. Qrup nümayəndəsi seçildiyim məktəbi fərqlənmə diplomu ilə bitirdim. Təyinatımı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan “Bakinskiy raboçiy” qəzetinə verdilər. Qəzet rus dilində olduğundan həm Moskvada, həm də Azərbaycan siyasi elitasında diqqətlə oxunur, yazılara o dəqiqə reaksiya verilirdi. Burada çalışdığım iki il ərzində hər gün, hər an Heydər Əliyevin elə bil ki, yazdıqlarımı sətir-sətir oxuduğunu, mənimlə maraqlandığını güman edir və çox yüksək məsuliyyət hissi məni daim müşayiət edirdi. Mənim üçün virtual olan bu gündəlik görüşlər və nəzarət nəhayət, 1980-ci ilin avqust ayında yenə də gerçəkliyə çevrildi.

Düzlük mənəvi saflıq simvolu

1980-ci ilin ortaları idi. Lənkəran şəhər İcraiyyə Komitəsinə sədrliyə namizəd axtarırdılar. İrəli sürülən bir neçə kadr sırasından Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Heydər Əliyev məni seçilmiş, mənim üzərimdə dayanmışdı. Bu seçimdə mənim üçün bir neçə paradoksal məqamlar var idi. Birincisi, qəzet müxbirinin şəhər təsərrüfatına, ağır bir sahəyə irəli çəkilməsi, ikincisi, yaşımın 32 olması. Çox həyəcan və şok vəziyyətindən Heydər Əliyev məni tez çıxartdı. Məni unutmamışdı, mühəndis olduğumu, sənaye müəssisələrində, gənclər təşkilatında, mərkəzi mətbuatda çalışdığımı bilirdi. Səmimi, sakit, monoton söhbətin baş xəttində mənəvi saflıq, düzlük, halallıq və təmizlik dururdu. O söhbət həyatımın sonrakı etaplarında və bu gün də mənim qulaqlarımda daim səslənir.

Heydər Əliyevin tövsiyələrinə əməl edən insanlar, vəzifəli şəxslər, siyasi-ictimai qurumların başçıları daim xeyir görmüş, son nəticədə bütövlükdə cəmiyyət bundan faydalanmışdır.

70-ci illər Lənkəranın intibahı dövrləri idi. Rayon ümumittifaq bostanına çevrilmişdi, şəhərə daim Moskvadan, dünyanın bir sıra ölkələrindən nümayəndələr gəlirdi. Biz, bu bölgədə çalışan bütün siyasətçilər, təsərrüfat başçıları, istehsalat adamları Heydər Əliyevin diqqət və qayğısını daim öz üzərimizdə hiss edirdik. Zəhmət, fədakarlıq, halallıq, mənəvi saflıq heç vaxt itmir, həmişə yüksək qiymətləndirilirdi.

Məni 1981-ci ilin dekabrının son günlərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə, Heydər Əliyev şəxsiyyətinin bilavasitə rəhbərlik etdiyi aparatın ən aparıcı şöbəsinə –Təşkilat-partiya işi şöbəsinə inspektor vəzifəsinə irəli çəkdilər. Sevindirici hal o idi ki, elə o günlər Heydər Əliyev dühasının yetişdirməsi olan Ramiz Mehdiyev bu şöbəyə müdir təyin olunmuşdu. Şöbə əməkdaşları rayonlardan Heydər Əliyev tələblərinə cavab verən zəhmətkeş ailələrdən çıxmış, halal, düz, təşəbbüskar, zirək və ağıllı gənclərdən komplektləşdirilirdi. Şöbədə sağlam işgüzar və saf mənəvi mühit hökm sürürdü. Şöbənin Bakıda mənzili olmayan 7 əməkdaşı Ali Partiya məktəbinin yataqxanasında yerləşdirilmişdi. Heydər Əliyev bizim rəhbərimiz, ata əvəzimiz, güvənc yerimiz və şəxsiyyətinə fanatik pərəstiş etdiyimiz kumirimiz idi.

Qayğıkeş insan

Yataqxana həyatı ailəli, rayonlardan yüksək vəzifələrdən gəlmiş bizlər üçün nəyi qədər ağır olsa da, heç kəs sızıldamır, narazılıq etmirdi, ailə ayrılığının çox da uzun olmayacağına hər birimiz inanırdıq. Bilirdik ki, bizi Mərkəzi Komitənin aparatına, öz yanına Heydər Əliyev gətirmişdi, özü seçmişdi, özü tapmışdı.

Heydər Əliyev aparatında gecə-gündüz, istirahət günü, vaxt məhdudiyyəti yox idi. Burada qaynar həyat, işgüzar mühit, yüksək intizam mövcud idi. İşçilərin böyük əksəriyyəti fədakar və yaradıcı əməyi ilə siyasi elita arasında seçilirdi. Aparatın həmkarlar təşkilatı Heydər Əliyevin göstərişi ilə işçilərin ərzaq, gündəlik tələbat və geyim təchizatı, özünün və ailəsinin istirahət, müalicə qayğıları, mənzillə təmin olunması məsələlərini daim diqqət mərkəzində saxlayırdı.

Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzv sevilməsi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi xəbəri bizi çox sevindirmişdi, bütün xalq bundan iftixar hissi keçirirdi. Biz də – aparatın yataqxanasında qalan işçiləri mənim kiçik otağımda toplaşaraq məclis düzəltmişdik, sevincimizi bölüşürdük. Darısqallıq bizi sıxmırdı, dönə-dönə Heydər Əliyevlə bağlı xatirələrimizi yada salır səhərin necə açıldığını hiss etmirdik.

Səhər saat 9-da işdə olmalı idik, heç kəs gecə yatmamışdı. Mərkəzi Komitədəki iş otaqlarımıza səpələnmişdik, yorğun görünürdük. Şöbə müdirimiz hörmətli Ramiz Mehdiyev bizi otağına çağırdı. İlk sözü bu oldu: “Heydər Əliyev cənabları Moskvaya getməmişdən qabaq sizə mənzil ayırmaq tapşırığı vermişdir, sizi təbrik edirəm”. Bizim sevincdən uçmağa qanadımız yox idi. Heydər Əliyevin mənimçün 1982-ci ildə ayırdığı xeyir-bərəkətli mənzildə bu gün də yaşayıram, ailə üzvlərim həmişə onu xoş xatirələrlə yad edir, bu qayğıkeş insanın ölməz ruhuna dualar edirik.

Siyasi iradə və cəsarət sahibi

Heydər Əliyev dühasının siyasi iradəsindən çoxlu misallar gətirmək olarö Bu iradə Gəncə hadisələrinin “çözülməsində”, OMON-çular qiyamının yatırılmasında, Ələkrəm qaragüruhuna son qoyulmasında, iqtisadi islahatlarda, qiymətlərin liberallaşdırılmasında, torpaqların özəlləşdirilməsində, “Əsrin Müqaviləsi”-nin imzalanmasında, Lissabon sammitində, yüzlərlə siyasi, beynəlxalq və ölkədaxili qərar, sərəncam və fərmanlarda özünü parlaq şəkildə sübut edib.

Mən bütün bunlardan fərqli, ilk növbədə çox adi görünən, bəlkə də adi işgüzar səviyyədə qiymətləndirilə bilən, lakin əslində Heydər Əliyev qətiyyətindən və siyasi cəsarətindən xəbər verən şahidi olduğum bir epizoddan danışmaq istəyirəm. 1982-ci ilin avqust ayı idi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi L.İ.Brejnev Bakıya gəlmişdi. O dövrlər üçün bu, respublikanın həyatında çox böyük hadisə idi. Nəhəng bir dövlətin başçısının yanında dolaşanlar qorxudan tər tökür, bu xəstə, qoca baş katibin qəzəbinə düçar olmaqdan qorxurdular. Brejnev o vaxtkı Lenin Sarayında nitq söyləməli idi. Tribunaya çıxan baş katibin çıxışı elə bil yerinə düşmürdü. Hamı bir-birinə dəymişdi. L.İ.Brejnevin köməkçisinin aciz görkəmi zalda oturanların diqqətindən yayınmırdı. Heydər Əliyev yerindən qalxıb qətiyyətlə əlində yeni məruzə mətni ilə tribunaya yaxınlaşdı. O, L.İ.Brejnevin oxuduğu mətni əlindən alıb, yeni mətni ona verdi. Sən demə, Brejnev axşam şam süfrəsində oxuduğu mətni yenidən rəsmi mərasimdə oxuyurmuş. Məsələnin nə yerdə olduğunu nəhayət, anlayan Brejnev zarafatla bu xoşagəlməz insidentdən birtəhər sovuşdu.

Münaqişələri çözən lider

1993-cü ilin avqust ayının ortalarında mənim yaxşı tanıdığım və aramızda çox isti münasibətlər olan dostum, rəhmətlik Afiyəddin Cəlilov bizi – lənkəranlıların o vaxt vəzifədə çalışan böyük dəstəsini Milli Məclisə – Heydər Əliyevin yanına dəvət etdi. Mən onda Nazirlər Kabinetində şöbə müdiri işləyirdim. Şeyxülislam Hacı Allahşükür Paşazadəni, baş nazirin müavini Əsgər Məmmədovu, ticarət naziri Rizvan Hüseynovu, Milli Məclisin deputatı Tapdıq Kamalovu, Hüseynağa Qəniyevi, avtomobil naziri Arif Aslanovu və daha bir neçə əslən lənkəranlı olanları Heydər Əliyevin kabinetinə yığdılar. O vaxtlar Ələkrəm Hümbətovla bağlı regionda çoxlu problemlər mövcud idi, hamı çaş-baş qalaraq bu məsələlərə rəhbər münasibəti gözləyirdi. Nəhayət, Heydər Əliyev hadisələrə öz münasibətini bildirdi və bizi bu hərəkata qarşı mübarizəyə çağırdı.

Görüş bitəndən sonra Afiyəddin Cəlilov məni ayrıca saxladı və dedi ki, cənab Heydər Əliyev məsləhət bilib ki, sən ora çatan kimi heç kiminlə əlaqə saxlamadan Dilruba Camalova ilə görüşəsən. Həmin gün biz Bakıdan gecə yarısı çıxdıq və səhər saat 4:00-da Lənkərana çatdıq. Mən Dilruba Camalovadan soruşanda ki, nə üçün cənab prezident məhz Sizə zəng etməyimi məsləhət bilib, o, məsələnin əsas mahiyyətini mənə açıqladı. Dilruba xanım bildirdi ki, mitinqin vaxtı dəyişdirilib və bir gün önə çəkilib insanlar elə bu gün səhər İcra Hakimiyyətinin qarşısına toplaşıb, ələkrəmçilərə son sözlərini deyəcəklər. Mənə tapşırılan vəzifə ondan ibarət idi ki, Ələkrəm Hümbətov nəyin bahasına olursa olsun, İcra Hakimiyyətindəki kabinetin çıxarılsın.

Biz Lənkəranda olarkən Heydər Əliyev burada gedən bütün proseslərə tam nəzarət etdiyini, ordu rəhbərliyinin, daxili qoşunların və digər müvafiq strukturların nümayəndələrinin, texnika və silahlı qüvvələrin də orada olduğunu gördük. Mən başa düşdüm ki, bizi Lənkərana göndərməklə dahi rəhbərimiz münaqişəni qansız, qurbansız dinc yolla həll etməyə üstünlük verib. Mən Tapdıq Kamalovla birgə çox böyük çətinliklə Ələkrəm Hümbətovun qəbuluna düşə bildik və onu (bu haqda mətbuatda müfəssəl və dəfələrlə yazıldığından bunun üzərində ətraflı dayanmaq istəmirəm) otaqdan çıxara bildik. Ələkrəm və onun rəhbərlik etdiyi qaragüruhçular xalqın gücü ilə darmadağın edildi. Sonradan möhtərəm Heydər Əliyev cənabları bunu heç vaxt yaddan çıxarmadı, qiymətləndirdi və daim ali məclislərdə qeyd edirdi.

Heydər Əliyev həm də adi problemləri, vəzifələri qeyri-adi həll edə bilmək qabiliyyəti ilə siyasi xadimlər içərisində seçilirdi. Mən ilk növbədə diplomatlar üçün çox adi görünən, bəlkə də vizual olaraq bəsit qiymətləndirilə bilən, lakin əslində Heydər Əliyevin qətiyyəti və siyasi cəsarəti ilə yanaşı, problematik şəraitdən xüsusi orijinallıqla çıxa bilmək qabiliyyətindən xəbər verən bir epizoddan danışmaq istəyirəm.

1996-cı ilin 2-3 dekabrında ATƏT-in Lissabon zirvə toplantısında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə məsələnin müzakirəsi zamanı onun diplomatik manevrləri və siyasi gedişləri diplomatiya dərsliklərinə salı-nası və öyrəniləsi mövzulardandır. Məlum olduğu kimi, Minsk Qrupu həmsədrləri tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üzrə 3 maddədən ibarət layihə irəli sürülmüşdü: Ermənistan və Azərbaycan Respublikalarının ərazi bütövlüyü; Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə əsasında muxtariyyət və özünüidarə statusu verilməsi; Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə təminat verilməsi. Bu müddəalar Lissabon sammitinin bəyannaməsi layihəsində 20-ci maddə kimi nəzərdə tutulmuşdu. Azərbaycan dövləti bununla razılaşsa da, erməni tərəfi rədd etmişdi. ATƏT çərçivəsində sənədlərin qəbulu yalnız konsensus əsasında mümkün olduğundan, Ermənistanın belə mövqeyi bəyannamənin qəbulunu şübhə altında qoyurdu. Vəziyyətin pat olduğunu görən Heydər Əliyev dünya diplomatiyası tarixində analoqu olmayan bir addım ataraq, bəyannamənin bütün mətni üçün konsensus verməkdən imtina etdi. Nəticədə ATƏT-in fəaliyyət göstərən sədri Flavio Kottinin zirvə görüşünün bütün iştirakçıları adından edilən və sammitin yekun protokoluna daxil olunan bəyanat verdi. Heydər Əliyevin belə qısa zaman çərçivəsində, müzakirələrin davam etdiyi, sərbəst fikirləşməyə və məsləhətləşməyə imkan olmadığı bir şəraitdə yeganə düzgün qərar qəbul etməsi, başlıcası isə dünya siyasəti aslarını bu qərarın qəbuluna sövq edə bilmək qabiliyyəti onun dühasının və diplomatiyasının nəsillərə və əsrlərə örnək olası çoxsaylı parlaq qələbələrindən sadəcə bir nümunə idi.

Əvəzolunmaz müsahib

Heydər Əliyev həmsöhbətində dərhal özünə rəğbət və hüsn-təvəqqe oyada bilirdi. Həmin şəxslə münasibətləri davam etdikcə bu keyfiyyətlər daha da güclənir və onun cazibə təsiri daha da artırdı. Bu, hər şeydən əvvəl onun davranışının özəllikləri ilə xarakterizə olunurdu. Heydər Əliyev üçün davranışda geyimindən tutmuş mimika və əl jestlərinəcən, böyük nitqlərindən tutmuş adi replikalarınacan, ən kəskin elmi mübahisələrindən tutmuş zarafatlarınacan adi, ikinci dərəcəli heç nə yox idi. Xüsusi sanbalı, ləngəri, ahəngi və əndazəni mütləq gözləmək şərti ilə fərqlənən bu davranış əvvəlcədən ölçülüb-biçilmiş təəssürat bağışlayırdı. Bütün həyatı boyunca öz üzərində çalışmağın nəticəsi kimi davranışı bir vərdiş olaraq formalaşsa da, əslində Heydər Əliyev bütün görüşlərinə xüsusi həssaslıqla yanaşar və əvvəlcədən ciddi hazırlaşardı. Tərəf-müqabilinin hansı peşənin sahibi olması, onu maraqlandıran əsas məsələlərin məzmunu, görüşün hansı mövzuya aidliyi Heydər Əliyevin diqqətindən yayınmazdı. Məhz bunun nəticəsi idi ki, digər dünyagörüşlü insanlar ilə qarşılıqlı münasibətlər prosesində Heydər Əliyev şəxsiyyətinin sosial-əxlaqi motivləri önə çıxır və adamları özünə cəlb edirdi.

Heydər Əliyev insanları dinləməyi gözəl bacarırdı. Dərin empatiyaya malik olmaq, yəni digər şəxsin daxili aləmində əslində nə baş verdiyi barədə onun sözlərində çox davranışından dəqiq fikrə gəlmək qabiliyyəti ilk baxışda həmin şəxsin dinlənilməsini sanki maraqsız edərdi. Lakin Heydər Əliyev böyüklüyü onda idi Ki, həmsöhbətinin əslində Kim olduğunu, nəyi dediyini, nəyi isə gizlətməyə çalışdığını billə-bilə ona imkan verirdi Ki, özünü göstərə bilsin. Eyni zamanda onun insanları dinləməsi çox aktiv olur və həmsöhbəti üçün əlverişli məcrada keçirdi. Vəzifəcə yüksək mövqeyi, söhbəti idarə etmək bacarığı və özünün şəxsi aurasından doğan zabitəliliyi belə ətrafı üçün heç bir əlavə diskomfort və ya rahatsızlıq yaratmırdı. Əksinə, ünsiyyətdə olduğu adamlara tam sərbəstlik verə, onların əlavə həyəcan yükü olmadan söhbətə cəlb edə bilmək qabiliyyəti Heydər Əliyevi digər siyasi xadimlərdən bir baş uca saxlayan məziyyətlərdən idi. Onun həmsöhbətini xüsusi maraq və diqqətlə dinləməsi, lazım gələndə kompromisə getməsi həm də bu dahi şəxsin insanlara sonsuz məhəbbətinin və hörmətinin bariz çalarlarından idi.

1994-cü ilin fevral ayının ilk günlərinin birində, ölkədə mövcud olan qaçqın və məcburi köçkün krizisinin ən ağır dövründə Bakıda səfərdə olan Səudiyyə Ərəbistanının İslam “Nicat” Təşkilatının rəhbərlərindən biri, ölkəsində kral ailəsinə çox yaxın və təsiri olan Əbdül Həmid Dağıstanini prezident Heydər Əliyev qəbul edirdi. Protokolda nəzərdə tutulmadığına baxmayaraq, bu görüşə mən də dəvət olunmuşdum. Çox az tərkibdə nisbətən məxfi keçən bu görüşdən hər iki tərəf əhəmiyyətli divident qazanmaq istəyirdi. Prezidentimizin məqsədi dünyada geniş xeyriyyəçilik fəaliyyəti ilə tanınmış bu beynəlxalq təşkilatın böyük maliyyə imkanlarını Azərbaycan qaçqın və köçkünlərinə yönəltmək və nüfuzlu Səudiyyə Ərəbistanının siyasi dəstəyini qazanmaq, qarşı tərəfin məqsədi isə dünya şöhrətli Heydər Əliyev şəxsiyyətini islam dünyası və dəyərləri ilə daha sıx bağlamaq idi.

Söhbətə körpünü mənim ölkədəki qaçqın və köçkünlərin ağır durumu ilə bağlı qısa məlumatım və qonaqların yardımı məqsədləri ilə saldıq. Bir-iki cümləlik qarşılıqlı replikalardan sonra Heydər Əliyev qonağa gözlənilməz sual verdi: “Soyadınızdan görünür ki, Siz əslən qafqazlısınız?”. Qonaq əvvəlcə bir az tutuldusa da, söhbətin səmimi axarını hiss edərək açılışdı. Artıq cənab Əbdül Həmid Dağıstanini saxlamaq mümkün deyildi. O, babasından eşitdiyi, hələ ölkəsində belə açıqlamadığı əhvalatı Heydər Əliyevə danışdı. Aydın oldu ki, qonaq əslən Dağıstan azərbaycanlılarındandır. Ulu babası neçə on illər bundan öncə Məkkə ziyarətindən sonra Səudiyyə Ərəbistanında məskunlaşıb və övladlarına doğma yurdunun adını soyad kimi verib. Səmimi söhbət uzandıqca qonaqda ölkəmizə olan məhəbbət anbaan artırdı. Artıq 600 ailədən ibarət Ağdam məcburi köçkünlərinin iki qəsəbədə məskunlaşması, ərzaq və ilkin tələbat malları ilə 100 faiz təmin olunması qərara alınmışdı. İndi artıq yardımların gələcəkdə daha da artırılacağı məsələləri müzakirə olunurdu.

Səmimi söhbətin sonuna yaxın Əbdül Həmid Dağıstani bir az qorxu və bir az da tərəddüdlə kafir kimi tanınan Sovetlər dövlətinin sabiq baş nazirinin birinci müavininə belə bir müraciət etdi: “Cənab Əliyev, əgər birdən bizim ölkənin kralı Sizi Məkkə ziyarətinə dəvət etsə, Siz buna necə baxarsınız?” Mənim üçün də gözlənilmədən, çox ani olaraq Heydər Əliyev dedi: “Çox yaxşı! Məmnuniyyətlə!” Cavab elə bil ki, qonağı şok vəziyyətinə salmışdı. Sevincini gizlətmədən qonaq kral dəvətinin lap tezliklə olacağını bildirdi və fikrini birdən dəyişəcəyindən qorxurmuş kimi söhbətə yekun vurduğuna eyham olaraq ayağa qalxdı və xudahafizləşməyə başladı. Qucaqlaşaraq ayrılan müsafirlər hələ bir neçə dəqiqə də ayaq üstdə söhbət etdilər. Qısa müddətdən sonra Ulu Öndərimizə kral Fəhdin dəvət məktubu gəldi. 1994-cü ilin iyul ayında baş tutan Məkkə ziyarətində onu müşayiət edənlərin siyahısına böyük düha Heydər Əliyev mənim də adımı salmışdı. Unudulmaz səfər bütün maddi və mənəvi dəyərləri ilə yanaşı iki tarixi hadisə ilə ölkəmiz üçün önəmli oldu: Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ölkəmizin səfirliyi açıldı. İslam “Nicat” Təşkilatının postsovet dövlətləri üçün mərkəzi ofisi Moskvadan Bakıya gətirildi.

Allah adamı

Həyatımda ən böyük xoşbəxtliyim olan Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Səudiyyə Ərəbistanında olmağım (1994-cü ilin avqustunda) və Məkkə ziyarətimdir. Həmin səfər yaddaşımda Heydər Əliyev dühasını yeni çalarlarda, daha doğma, daha isti keyfiyyətdə kəşf etməyimdən misilsiz rol oynadı. Havaya qalxandan bir az sonra Heydər Əliyev təyyarənin bizim üçün nəzərdə tutulmuş salonuna gəldi, adəti üzrə hamı ilə əl verib görüşdü. Təyyarədə o, hər birimizlə ayrı-ayrılıqda şirin söhbət edir, öz xüsusi hörmət və məhəbbətini bildirmək istəyirdi. Salonun ortasına gedəndə bir anlıq fikrə gedib söhbətə yenidən başladı: “Görürsünüz, biz hakimiyyətə gəldik və siz də mənim yanımdasınız. Sizin hər birinizin xidmətiniz olub, zəhmətiniz var və mən məhz elə ona görə də sizi özümlə Məkkə ziyarətinə aparıram”.

Səfər boyu təyyarə havaya qalxandan geri dönənədək olan bütün bu müddət ərzində dahi şəxsiyyətlə bağlı onlarla təəssürat və müşahidələrim oldu.

Səudiyyə Ərəbistanının İslam “Nicat” Təşkilatının rəhbərliyi ilə Ciddə şəhərində görüş vaxtı qurumun rəhbərliyi mənim onlarla əməkdaşlığımdan ağızdolusu danışır, mənim adımı tez-tez çəkirdilər. Özümü çox pis hiss edirdim. Onları diqqətlə dinləyən Heydər Əliyev cənabları məni vəziyyətdən çıxartdı və dedi: “Hadi Rəcəblini çox təriflədiniz, elə bu işləri mən ona tapşırmışam. Odur ki, yenə də təşkilatınızla bağlı bütün məsələlərin həllini Hadi Rəcəbliyə tapşırıram”.

Bu, mənim üçün – Nazirlər Kabinetinin şöbə müdiri üçün çox böyük etimad idi. Beynəlxalq səviyyəli prezident tapşırığının mənə verilməsi çox böyük əhəmiyyət və məna kəsb edirdi. Sonradan mərkəzi ofisi Moskvada yerləşən bu qurumu Azərbaycana gətirdik və onun postsovet məkanında ofisini Bakıda yerləşdirdik. Onlar üçün Əzizbəyov heykəlinin yanında bir neçə otaqdan ibarət geniş ofis ayrıldı.

Səfər boyu hər an gözüm dahi öndərimizdə, kommunist dövründən yaxşı tanıdığım bu böyük insanda idi. Ziyarət prosedurlarına həssaslıq və incəliklə hazırlaşması, ibadətləri və ritualları dəqiq icra etməsi, üzündəki nurani cizgiləri diqqətimdən yayınmırdı. Bu dahi şəxsiyyətdən ötrü Kəbə qapılarını istisna hal kimi kralın tapşırığı ilə üzümüzə açmışdılar. Zəm-zəm suyu olan bulaqların mənbəyi, Mədinədə Məhəmməd peyğəmbərin məzarı önündə namaz, şəhərin iyirmi metrlik dərinliyindəki təhlükəsizlik, kommunikasiya sistemləri ilə tanışlıq ancaq ona görə mümkün idi ki, onun üçün nəzərdə tutulmuşdu.

Onu ibadət edərkən görmüşəm, Qarabağ dərdlərimizin həllini Uca və Qadir Allahdan diləyərkən dinləmişəm, müqəddəs Qara Daşı öpərkən müşahidə etmişəm, Şeyx Hacı Allahşükür Paşazadə ilə dini mövzularda dialoqlarının şahidi olmuşam. Mən bu səfərdə Heydər Əliyevi Allah Adamı, iman sahibi, ibadət bilicisi kimi gördüm, bu keyfiyyətləri ilə onu özüm üçün yenidən kəşf etdim.

Unutsaq unudularıq

Heç yadımdan çıxmaz, 1999-cu ilin avqust ayında Heydər Əliyevin hakimiyyətə gəlişinin 30 illiyi xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd olunurdu. Vaxtilə özünün təşəbbüsü və rəhbərliyi ilə tikdirdiyi Əl Oyunları İdman Sarayında Heydər Əliyevin titanik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən bütün rayonların stendləri qurulmuşdu. Stendlərin yanında Heydər Əliyev dayanır, həmin rayondan olan fəallarla görüşür, çoxlu xatirələr yada düşürdü. Lənkəran rayonunun stendinin qarşısından Heydər Əliyev nədənsə dayanmadan ötüb keçdi. Bizim stenddən təxminən 20 addım aralanandan sonra mən Heydər Əliyevi müşayiət edən bizim hörmətli indiki prezidentimiz İlham Əliyev cənablarına yaxınlaşdım və dedim ki, əgər mümkünsə, Heydər Əliyev cənablarından xahiş edək, Lənkəran rayonunun stendinə də yaxınlaşsın. Təsəvvür edin ki, cənab İlham Əliyev bizim ümummilli liderimizə xahişimizi çatdırandan sonra Heydər Əliyev dönüb geri qayıtdı və Lənkəran stendinin yanında dayandı. Hamı ilə salamlaşandan sonra 70-ci illərdə Lənkəranın onunla bağlı şəkillərinə diqqətlə baxarkən ona yaxınlaşıb müraciətlə dedim: “Möhtərəm prezidentimiz! Lənkəran camaatının üzərində Sizin böyük haqqınız var. Sizin Lənkəranın o vaxtkı intibahında çox böyük xidmətləriniz var. Siz o vaxtlar çox böyük işlər görmüsünüz, qurmusunuz, tikmisiniz, yaratmısınız, lənkəranlılar o vaxt inkişaf ediblər, artıblar, pul sahibi, ev sahibi olublar”.

Heydər Əliyev bir az geriyə çəkilərək əlini mənə uzatdı və dedi: “Mənim Lənkəran üçün etdiyim xidmətlərdən ən böyüyü Hadi Rəcəblidir” və mənim tərcümeyi-halımı, bütün inkişafımı, hətta orduya getməmlə bağlı bütün xırda detalları belə həvəslə danışdı. Heydər Əliyev təkcə mənim deyil, yetişdirib ərsəyə gətirdiyi, özünün siyasət məktəbinin məzunlarının hamısının tərcümeyi-halını detallarınadək yadda saxlayan dahi idi və həmin görüş bunun bariz nümunəsi oldu.

Yaddaşında bizi yaşadan bu alicənab bir şəxsi onun yetişdirməsi olan bizlər, ailə üzvlərimiz, nəvə-nəticələrimiz, bütün xalqımız heç vaxt unutmayacağıq. Bu, əbədiyaşar liderlərin həyada qazandıqları ən böyük nemətdir. Onun siyasi liderlik məktəbi bundan sonra daha ətraflı öyrəniləcək, dünya idarəetmə metodologiyalarında və təcrübəsində hələ yüz illər də böyük müvəffəqiyyətlə istifadə olunacaq, nümunə göstəriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR