Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının açılış mərasimi keçirilib

Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının açılış mərasimi keçirilib
# 12 noyabr 2012 18:13 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının açılış mərasimi keçirilib.
"APA-Economics"in məlumatına görə, tədbirdə çıxış edən Palatanın İdarə Heyətinin sədri Samir Axundov Azərbaycanın iqtisadi inkişafından danışıb və qeyd edib ki, son 10 il ərzində ölkədə ÜDM-in həcmi 10 dəfədən çox artıb, ölkədəki hüquqi-normativ baza təkmilləşdirilib. Palatanın yaradılmasının məqsədləri barədə söz açan S.Axundov bildirib ki, Palatanın hazırda 135 üzvü var: "Ümid edirəm ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasının fəaliyyəti iki ölkə arasında əlaqələri bir qədər də inkişaf etdirəcək".


Tədbirdə çıxış edən Almaniyanın xarici işlər üzrə dövlət naziri xanım Kornelia Piper qeyd edib ki, Alman-Azərbaycan Xarici Ticarət Palatası böyüklüyünə görə Alman-Moskva Xarici Ticarət Palatasından sonra ikincidir və bu Palatanın fəaliyyəti iki ölkə asında biznesin inkişafına təkan verəcək: "Almaniya şirkətləri üçün Azərbaycanda fəaliyyət göstərmək üçün yaxşı mühit yaradılıb, əsasən də kənd təsərrüfatı, tibb, avadanlıq istehsalı və s. sahələrdə fəaliyyət göstərmək üçün böyük potensial var".


Azərbaycan Almaniyanın əsas tərəfdaşı olduğunu bildirən K.Piper qeyd edib ki, həcminə görə Azərbaycan Almaniyaya neft ixrac edən sayca 6-cı ölkədir.


Tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov iki ölkə arasında qurulmuş 20 illik əlaqələrdən danışıb və bildirib ki, Azərbaycan və Almaniya arasında möhkəm hüquqi-normativ baza mövcuddur və iki ölkə arasında indiyədək 60 sənəd imzalanıb: "Ötən il ərzində Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 2,2 dəfə, cari ilin yanvar-sentyabr aylarında isə 70% artıb. Almaniya Azərbaycana 20,1 mln. avro həcmində qrant, 40,5 mln. avro texniki yardım və 244 mln. avro həcmində kredit ayırıb. Bu günədək Almaniya Azərbaycana 450 mln. ABŞ dolları həcmində investisiya yatırıb. Hazırda ümumi həcmi 460 mln. avro təşkil edən 10 layihə üzrə Almaniya şirkətləri podratçı qismində çıxış edir. Palatanın fəaliyyəti iki ölkə arasında əməkdaşlığı bir qədər də möhkəmləndirəcək, əlaqələri inkişaf etdirəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR