Rüşvətxorluqda təqsirləndirilən şirkət icraçı direktoruna və əməkdaşına hökm oxunub

Rüşvətxorluqda təqsirləndirilən şirkət icraçı direktoruna və əməkdaşına hökm oxunub
# 11 dekabr 2012 11:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətxorluqda təqsirləndirilən “Euro-Azia-Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru İlqar Yusifov və cəmiyyətin Sumqayıt filialının direktoru Mirqərib Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, İ. Yusifov 3 il müddətinə azadlıqdan məhrum edilib. M. Qasımov isə 2 il sınaq müddəti təyin edilməklə 8 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb.


Qeyd edək ki, Baş Prokurorluq cinayət işi ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirilib ki, “Euro-Azia-Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru İlqar Yusifovun xarici ölkəyə getmək üçün viza alınmasından ötrü müraciət etmiş Bakı şəhər sakinindən rüşvət alması faktına görə baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. İstintaqla müəyyən edilib ki, İlqar Yusifov vəzifə səlahiyyətlərindən sui-istifadə edib cəmiyyətin Sumqayıt filialının direktoru Mirqərib Qasımov və qeyriləri ilə cinayət əlaqəsinə girərək viza almaq üçün müraciət etmiş ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət alıb. İ. Yusifov həmçinin ayrı-ayrı şəxslərin heç bir yerdə işləmədikləri və banklarda şəxsi pul hesablarının olmamasına baxmayaraq, guya onların iş yeri və banklarda şəxsi hesablarının olmasına dair saxta arayışlar hazırlayaraq vəzifə saxtakarlığı törədib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR