Ədliyyə Nazirliyinin idarə rəisi: “Ölkədə məhkəmələrə inamın artırılmasına nail olunub”

Ədliyyə Nazirliyinin idarə rəisi: “Ölkədə məhkəmələrə inamın artırılmasına nail olunub”
# 10 dekabr 2012 08:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “İnsan hüquq və azadlıqlarının qorunması hər bir cəmiyyət üçün aktual məsələlərdən biridir. Bu gün bəşəriyyət də insan haqlarının qorunmasına daha məsuliyyətli yanaşmalıdır”. APA-nın xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov deyib. O bildirib ki, Azərbaycanda da humanizmlə bağlı olan hər bir sahədə, insan hüquqlarının qorunmasında mühüm işlər görülür. Onun sözlərinə görə, insan hüquqlarının təmin edilməsi hər bir cəmiyyətin qanunvericilik sistemi ilə əlaqəlidir. F.Qurbanov qeyd edib ki, Azərbaycanın ədliyyə sistemində aparılan işlər nəticəsində ölkədə hər bir fərdin hüquqlarının qorunmasına, məhkəmələrə inamın artırılmasına nail olunub: “Azərbaycanda ədliyyə hüququ sahəsində aparılan islahatların əsas hissəsi qanunvericilik işlərinin təkmilləşdirilməsi, yeni iş üsullarının təmini və şəffaflığın təmin edilməsi olub. Bu proseslər isə ən yaxşı təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlıdır. Ədliyyənin möhkəmləndirilməsi istiqamətində beynəlxalq təşkilatlarla birgə fəaliyyət aparılır. Bu istiqamətdə birgə fəaliyyət bundan sonra da davam etdirilməlidir”.


F.Qurbanov əlavə edib ki, ədliyyə sahəsində əsas məsələlərdən biri hüquqi maarifləndirmənin təmin edilməsidir: “Bu sahədə də Azərbaycanda vətəndaşların hüquqlarının mükəmməl öyrənilməsi, regionlarda dinləmələrin təşkil olunmasını dəstəkləməyə hazırıq. Bu gün ədliyyə sistemində beynəlxalq hüququ bazası formalaşdırılıb. İnsan hüquqlarının təmin və qorunması istiqamətində Ədliyyə Nazirliyi bundan sonra da Ombudsman Aparatı ilə birgə fəaliyyətini davam etdirəcək. Hər bir dövlət qurumu özünün dövlət işlərini həyata keçirərkən bu təsisatla əməkdaşlıq edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR