Azərbaycan jurnalistləri Özbəkistana səfərləri çərçivəsində “Sea Breeze Uzbekistan” turizm layihəsi ilə tanış olub, layihənin tikinti ərazisinə baş çəkiblər.
APA-nın Özbəkistana ezam olunmuş müxbiri xəbər verir ki, media nümayəndələrinə layihənin konsepsiyası, tikinti işlərinin gedişi, ərazidə yaradılması nəzərdə tutulan müasir turizm, yaşayış və istirahət infrastrukturu barədə məlumat verilib.
Bildirilib ki, “Sea Breeze Uzbekistan” Çarvak su anbarının sahilində, Daşkənddən təxminən 80 kilometr məsafədə yerləşən böyükmiqyaslı kurort və yaşayış layihəsidir. Layihənin master-planı 527 hektar ərazini, sahil xəttinin isə 7 kilometrlik hissəsini əhatə edir. Layihənin 2025–2035-ci illər ərzində mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, layihə çərçivəsində yaşayış kompleksləri və villalar, hotellər və apart-hotellər, təchiz olunmuş çimərliklər, restoranlar, idman və əyləncə obyektləri, istirahət və sağlamlıq infrastrukturu yaradılacaq. Ərazidə müasir bulvarın salınması da nəzərdə tutulur. İlk mərhələdə uzunluğu 2,3 kilometr olan bulvarın inşası planlaşdırılır.
Media nümayəndələrinə bildirilib ki, ərazinin yaşıllaşdırılmasına xüsusi diqqət yetirilir. Hazırda 1 000-dən çox ağac əkilib, layihənin tam həyata keçirilməsi çərçivəsində isə 10 000-dən çox ağacın əkilməsi planlaşdırılır.
“Sea Breeze Uzbekistan”ın ilboyu fəaliyyət göstərən müasir turizm və yaşayış məkanı kimi formalaşdırılması nəzərdə tutulur. Layihə çərçivəsində məktəb, akvapark, istirahət parkları, su və qış idman növləri üçün imkanların yaradılması, həmçinin müxtəlif festival, konsert, idman və mədəni tədbirlərin keçirilməsi planlaşdırılır.
Bildirilib ki, layihənin əsas məqsədlərindən biri Özbəkistanın turizm potensialının inkişaf etdirilməsi, ölkəyə xarici turistlərin və investisiyaların cəlb olunması, eləcə də Çarvak ərazisində beynəlxalq səviyyəli yeni turizm mərkəzinin yaradılmasıdır.
Media nümayəndələri səfər zamanı layihənin tikinti sahəsində görülən işlərlə yerində tanış olub, gələcəkdə yaradılacaq infrastruktur və ərazinin inkişaf mərhələləri barədə məlumat alıblar.
Qeyd edək ki, “Sea Breeze Uzbekistan” “Agalarov Development” şirkətinin Özbəkistanda həyata keçirdiyi ikinci layihədir. Şirkət həmçinin Daşkənddə “Agalarov Residence” premium yaşayış kompleksini inşa edir.