Azərbaycan jurnalistləri Özbəkistana media turu çərçivəsində "IT Park Uzbekistan"da olublar.
APA-nın Özbəkistana ezam olunmuş müxbiri xəbər verir ki, səfər zamanı media nümayəndələrinə "IT Park Uzbekistan"ın fəaliyyəti, yaradılma tarixi və məqsədləri, həmçinin Özbəkistanda rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.
Özbəkistan Rəqəmsal Texnologiyalar Nazirliyinin Rəqəmsal İqtisadiyyatın İnkişafı Departamentinin rəhbəri Nodir Alibekov bildirib ki, IT Park üçün ayrıca məkanın yaradılması təşəbbüsü Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb.
Onun sözlərinə görə, IT Park kompleksinin tikintisinə 2019-cu ildə başlanılıb: “Prezident qeyd etdi ki, Özbəkistanda İT istiqamətində həyata keçirilən təşəbbüslər üçün ayrıca məkan lazımdır. Bu təşəbbüslərin dəstəklənəcəyi xüsusi bir yer yaradılmalıdır”.
Nodir Alibekov qeyd edib ki, hazırda IT Park yalnız Daşkənddəki komplekslə məhdudlaşmır, ölkənin regionlarında da müasir İT infrastrukturu yaradılır.
“Hazırda 1100-dən çox xarici şirkət Özbəkistanda qeydiyyatdan keçib, fəaliyyət göstərir və ixracla məşğuldur. Orta hesabla hər ay müxtəlif ölkələrdən 7-10 yeni İT şirkəti açılır”, - deyə Alibekov bildirib.
Onun sözlərinə görə, IT Park ekosistemində ABŞ, Avropa ölkələri, Gürcüstan, Qazaxıstan, Çin, Cənubi Koreya və Yaponiya da daxil olmaqla müxtəlif ölkələrdən şirkətlər təmsil olunur.
Bildirilib ki, Azərbaycanla Özbəkistan arasında rəqəmsal texnologiyalar və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı üçün də geniş imkanlar mövcuddur. İki ölkə arasında İKT, rəqəmsal transformasiya, elektron hökumət və innovasiya sahələrində təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq inkişaf edir.
IT Park Uzbekistanın icraçı direktoru Cahongir Racabov bildirib ki, son illərdə Azərbaycanla startaplar və özəl kapital sahəsində əməkdaşlıq fəallaşıb.
“Azərbaycanın startapları, özəl kapitalı, Özbəkistanın startapları və özəl kapitalı arasında birgə təşəbbüslərin inkişafı istiqamətində çox fəal əməkdaşlıq gedir. Bu, sahibkarlar və startap ekosistemləri arasında sıx biznes əlaqələrinin formalaşdığını göstərir”, - deyə Racabov bildirib.
Onun sözlərinə görə, iki ölkənin dövlət qurumları arasında da əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq uzunmüddətli perspektivə hesablanıb. O, Azərbaycan startaplarının Özbəkistanda keçirilən İKT həftəsində, Özbəkistan şirkətlərinin isə Bakıda keçirilən “InMerge” və “Baku ID” kimi beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini qeyd edib.
Təqdimat zamanı bildirilib ki, Özbəkistanda hazırda 110 mindən çox İKT mütəxəssisi, 145 İT universiteti fəaliyyət göstərir. İT sahəsində kadr hazırlığı, startapların inkişafı və xarici investisiyaların cəlb edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Qeyd olunub ki, Özbəkistanın startap ekosisteminin ümumi dəyəri 4,3 milyard ABŞ dollarından çox qiymətləndirilir. Ölkədə 1600-dən çox startap fəaliyyət göstərir, vençur ekosistemində isə ümumi kapitalı 200 milyon dollardan çox olan 22 fond yer alır.
Azərbaycanlı jurnalistlərə, həmçinin rəqəmsal xidmətlərin ixracının artırılması, xarici texnologiya şirkətlərinin Özbəkistanda fəaliyyətinin genişləndirilməsi və yerli İT mütəxəssislərinin beynəlxalq bazara çıxışının dəstəklənməsi barədə məlumat verilib.