CICA-nın növbəti illik sessiyası Bakıda keçiriləcək

CICA-nın növbəti illik sessiyası Bakıda keçiriləcək
# 21 noyabr 2012 07:52 (UTC +04:00)

Bakı – APA-Economics. Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Beynəlxalq Konfederasiya (CICA) Mərkəzi Komitəsinin dəvəti ilə «Aqrarkredit» Səhmdar Kredit Təşkilatı İdarə Heyətinin sədri Məmməd Musayev Konfederasiyanın Honq-Konqda keçirilən 42-ci illik Payız Assambleyasının toplantısında iştirak edib.

«Aqrarkredit»in Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bir cox ölkədən kənd təsərrüfatının kreditləşdirilməsini həyata keçirən maliyyə institutlarının nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda «Çinin kənd təsərrüfatı keçid dövründə», «Çində kənd yerlərinin maliyyələşdirilməsi», «Ərzaq təhlükəsizliyi və onun Çin modeli», «Su ehtiyatlarının menecmenti», «Çində kənd torpaqlarına yiyələnmək hüquqları və maliyyə resursları əldə etmək imkanları» və digər mövzular üzrə Çin nümayəndələrinin çıxışlarından sonra bu mövzular ətrafında müzakirələr aparılıb.

İclasda Azərbaycanın kənd təsərrüfatının kreditləşməsinə və «Aqrarkredit»in fəaliyyətinə həsr olunmuş video çarx nümayiş olunandan sonra M.Musayev çıxış edərək kredit təşkilatının fəaliyyəti və qarşıda duran vəzifələri barədə ətraflı məlumat verib. O, Azərbaycanın sosial-iqtisadi inkişafı və aparılan islahatlar, hökumətin antiböhran tədbirləri, aqrar sahənin inkişafı və bu prosesdə «Aqrarkredit»in rolu barədə danışıb.

Toplantıda M.Musayev CICA-nın Mərkəzi Komitəsinin üzvü seçilib. Konfederasiya sədri Jan-Mari Sander CICA-nın 2013-cü ildə növbəti İllik Yaz Sessiyasının Bakıda keçirilməsi təklifi ilə çıxış edib. Bu təklif nümayəndələr tərəfindən müsbət qarşılanıb və sessiyanın gələn ilin mayın 2-5-də Bakıda keçirilməsi barədə qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR