Vladimir Veremeyev: “Bizə azərbaycanlı futbolçu lazım deyil”

Vladimir Veremeyev: “Bizə azərbaycanlı futbolçu lazım deyil”
# 21 dekabr 2012 14:39 (UTC +04:00)

Bakı - APA. “Neftçi”nin futbolçusu Cavid İmamverdiyevin “Dinamo”ya keçəcəyini ilk dəfə sizdən eşidirəm. Mənim bundan xəbərim yoxdur. Ümumiyyətlə, belə bir futbolçu tanımıram”. Bunu apasport.az saytına açıqlamasında Kiyev “Dinamo”sunun idman direktorunun müavini Vladimir Veremeyev deyib.

1968-82-ci illərdə bu komandanın şərəfini qoruyan, 6 dəfə SSRİ çempionu, Kuboklar kuboku, UEFA Superkuboku və bir sıra titullar qazanan veteran futbolçu hazırda Ukrayna təmsilçisinin seleksiya işlərinə nəzarət edir.

Futbolçu karyerasını qurtardıqdan sonra “Dinamo”da müxtəlif vəzifələrdə çalışan Veremeyev Bakının “Neftçi” klubunun yarımmüdafiəçisi Cavid İmamverdiyevin “ağ-göy” formanı geyinməsinin mümkün olmadığını deyib: “Dinamo”da bütün seleksiya işlərinə mən cavabdehəm. Mənim xəbərim olmadan hansısa transfer gerçəkləşmir. Bu, yalnız 1 halda istisna təşkil edə bilər. Bu da klubun prezidenti İqor Surkisin özü hansısa oyunçunu kluba cəlb edərsə”.

“Dinamo”da 310 oyuna 33 qol vurmuş və SSRİ yığmasında 26 matça çıxaraq 2 dəfə fərqlənmiş klub rəsmisi bu mövsüm Avropa Liqasının qrup mərhələsində oynamış “Neftçi”nin oyunlarına da baxmaq üçün vaxtının olmadığını bildirib: “Neftçi”nin oyunlarını “Dinamo” tərəfdən heç kim izləməyib. Buna vaxtımız yoxdur. Belə götürdükdə, planlarımıza Azərbaycanda futbolçu da gətirmək daxil deyil. Hazırda məqsədimiz heyəti gücləndirməkdir. Bunun üçün də daha güclü futbol ölkələrindən oyunçular gətirməyi nəzərdə tutmuşuq. Bizə azərbaycanlı futbolçu lazım deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR